Qurban bayramı insanlara təkcə özünü deyil, ehtiyac içində olanları da düşünməyi aşılayır.
Bunu Yurd.Media-ya açıqlamasında ilahiyyatçı Fazil Əhmədli bildirib.
Onun sözlərinə görə, bayram paylaşma, mərhəmət və həmrəylik anlayışlarını ön plana çıxarır.
İlahiyyatçı qeyd edib ki, Hz. İbrahim Allahın əmrinə itaət göstərərək çox ağır bir sınaq qarşısında qalmışdı. Bu itaətin içində oğlunu qurban vermək əmri olsa da, o, Allahın hökmünə boyun əyib. Hz. İsmayıl da etiraz etməyərək itaət nümunəsi göstərib və nəticədə Allah tərəfindən qurbanlıq qoç göndərilərək onlar mükafatlandırılıb.
Fazil Əhmədli bəzi insanların müsəlmanları “kor-koranə itaət edən” kimi qiymətləndirməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, insanlar gündəlik həyatlarında həkimin, müəllimin və ya ustanın tövsiyələrinə əməl etməyi normal qəbul edirlər:
“Bir insan sağlamlığı üçün həkimin dediklərinə əməl edir, gecə saatlarında belə zəng edib hansı dərmanı necə qəbul etməli olduğunu soruşur. Həmçinin maşın ustasının tövsiyələrinə də riayət edir. Necə olur ki, insan Allahın və Peyğəmbərin sözünə əməl etdikdə buna fərqli yanaşılır? İnsan sağlamlığı üçün həkimə güvəndiyi kimi, axirət səadəti üçün də Allahın buyurduqlarına əməl edir”.
İlahiyyatçı əlavə edib ki, Qurban bayramının əsas mesajlarından biri də insanın öz nəfsinə qalib gəlməsidir. Onun sözlərinə görə, bu bayram bəzən küsülü insanların barışması, bir-birinə qurban payı göndərməsi və münasibətlərin bərpası üçün də vəsiləyə çevrilir.
ilahiyyatçı Fazil ƏhmədliƏhmədli vurğulayıb ki, qurban payı verilərkən ilk növbədə imkansız insanlar nəzərə alınmalıdır:
“İmkansız qohumu insan daha yaxşı tanıyır. Ola bilər ki, o, vəziyyətini hər kəsə bildirmir. Bəlkə də ona heç kəs qurban payı aparmır və o, bayram sevincini yaşaya bilmir”.
O həmçinin qeyd edib ki, Qurban bayramının mahiyyəti düzgün başa düşülmədikdə yanlış fikirlər ortaya çıxır. İlahiyyatçının sözlərinə görə, qurban payının əsasən müsəlmanlara verilməsi bu bayramın İslam dini ilə bağlı olmasından irəli gəlir:
“Əgər başqa dinə mənsub insanlara yardım etmək istəyirsinizsə, ilin digər günlərində də bunu edə bilərsiniz. Yardım və xeyriyyə üçün məhdudiyyət yoxdur. Ancaq bu, müsəlmanların bayramıdır və həmin gün müsəlmanların sevindirilməsi əsas məqsədlərdən biridir”.