Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə yeni qrant müsabiqəsi elan edib.
Yurd.Media xəbər verir ki, müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviq edilməsidir.
Bundan başqa, innovativ və ictimai faydalı təşəbbüslərin dəstəklənməsi, gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək də müsabiqənin əsas məqsədləri sırasındadır.
Müsabiqədə Azərbaycan vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları iştirak edə bilərlər. Layihə təklifləri mayın 22-dən iyunun 22-dək Fondun rəsmi saytının E-Xidmətlər Sistemi vasitəsilə elektron qaydada qəbul olunacaq.
Məlumata görə, layihələr yeddi istiqaməti əhatə etməlidir. Bunlar milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf, gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi, sosial inklüzivlik və bərabər imkanların təşviqi, rəqəmsal gələcək, innovasiya və süni intellekt, yaradıcı sənaye və mədəni innovasiyalar, regionlarda gənclərin iştirakçılığı və ictimai fəallığı, həmçinin dayanıqlı inkişaf və ekoloji məsuliyyət istiqamətləridir.
Müraciət zamanı layihənin təsviri, xərclər smetası və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir.
Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Fiziki şəxslərin fərdi layihələri üçün müraciət məbləği 5 min manatı, gənclər təşkilatlarının yerli layihələri üzrə 10 min manatı, beynəlxalq layihələr üzrə isə 15 min manatı keçməməlidir.
Qeyd olunub ki, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilməyəcək.
Layihələrin qiymətləndirilməsi zamanı yenilik və unikal yanaşma, davamlılıq, təklif olunan müddət və büdcə çərçivəsində reallaşdırılma imkanları, eləcə də müasir texnoloji həllərə uyğunluq kimi meyarlara üstünlük veriləcək.