Son dövrlərdə şəhər küçələrində psixi pozuntulardan əziyyət çəkən insanların sərbəst şəkildə dolaşması ilə bağlı narazılıqlar səsləndirilir. Bəzi hallarda bu şəxslər yaşadıqları binalarda qeyri-adi və aqressiv davranışı ilə qonşuların ciddi narahatlığına səbəb olurlar. Gecə saatlarında yüksək səslə qışqırmaq, zibillikdən qida axtarmaq, küçə heyvanlarını mənzilə salmaq və antisanitar şərait yaratmaq halları tez-tez müşahidə olunur. Lakin hüquq-mühafizə orqanlarının nümayəndələri çox zaman bu şəxslərin “cinayət törətmədikləri üçün” müdaxilə edə bilmədiklərini bildirirlər.
Bəs belə hallarda hansı hüquqi və tibbi mexanizmlər mövcuddur? Dövlət orqanlarının vətəndaşın təhlükəsizliyini təmin etmək üçün hansı alətləri var?
Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından Yurd.Media-ya verilən məlumata görə, ruhi xəstəlikdən əziyyət çəkən şəxslərlə bağlı yardım və müdaxilə prosedurları “Psixiatriya Yardımı Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qanunun 5.1-ci maddəsində qeyd olunur ki, psixiatriya yardımı şəxsin öz müraciəti əsasında həyata keçirilir. Lakin şəxs öz iradəsi ilə müalicəyə razılaşmırsa və eyni zamanda ətraf mühit üçün real təhlükə yaradırsa, qeyri-könüllü hospitalizasiya tətbiq edilə bilər.
Qanunun 11-ci maddəsinə görə, aşağıdakı hallarda məhkəmə qərarı ilə şəxsin stasionar müalicəyə yerləşdirilməsi mümkündür:
Özünün və ya başqalarının həyat və sağlamlığı üçün təhlükə yaratması;
Gündəlik həyati funksiyaları müstəqil yerinə yetirə bilməməsi (qidalanma, gigiyena və s.);
Müalicə olunmadığı təqdirdə sağlamlığına ciddi zərər ehtimalı.
Təcili hallarda isə, həkim 48 saat ərzində məhkəməyə müraciət edərək şəxsin hospitalizasiyasına qərar çıxarılmasını tələb edə bilər.
Respublika Psixiatriya Xəstəxanasının məlumatında bildirilir ki, əgər bir şəxs öz davranışları ilə ətraf mühit üçün təhlükə yaradırsa, vətəndaşlar aşağıdakı qurumlara müraciət edə bilərlər:
- Yaşayış ərazisi üzrə sahə polis əməkdaşı;
- Rayon (şəhər) İcra Hakimiyyətinin müvafiq şöbələri;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (DOST mərkəzləri vasitəsilə);
- Psixi sağlamlıq üzrə poliklinikalar və dispanserlər.
Müraciət əsasında psixiatr tərəfindən ilkin müayinə aparılır. Əgər şəxs tibbi yardıma ehtiyaclı sayılarsa, həkim bununla bağlı rəy verir və hüquqi prosedur başlayır. Məhkəmənin müsbət qərarı ilə şəxs psixiatriya xəstəxanasında stasionar müalicəyə cəlb olunur.
Hüquq eksperti Gülnar Mansurova Yurd.Media-ya bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ictimai təhlükəli əməllər törətmiş ruhi xəstələrlə bağlı ayrıca müddəalar mövcuddur. Belə şəxslərə qarşı məhkəmə qərarı ilə məcburi tibbi tədbirlər — o cümlədən ixtisaslaşdırılmış müəssisələrdə müalicə tətbiq edilə bilər. Bu tədbirlər cəmiyyətin təhlükəsizliyi və şəxsin sağlamlığının qorunması məqsədi daşıyır.
Sosial müdafiə mexanizmləri
Əgər ruhi xəstə şəxsin himayəçisi və ya yaxın qohumu yoxdursa, sosial təminat məsələsi gündəmə gəlir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ruhi xəstəlik səbəbilə öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz elan olunur və onlar üçün qəyyum təyin edilir.
Əgər belə bir şəxsin qəyyumu da yoxdursa, o zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan sosial xidmətlər qoşulur. “Sosial xidmət haqqında” Qanunun 7.1.4-cü maddəsinə əsasən, özünə qulluq edə bilməyən şəxslər “çətin həyat şəraitində olan” kateqoriyaya aid edilərək dövlət müəssisələrinə yerləşdirilə bilərlər.
Hüquqi və sosial müdaxilə əsas şərtdir
Ruhi xəstələrin hüquqlarını qorumaqla yanaşı, cəmiyyətin təhlükəsizliyini təmin etmək də dövlətin və vətəndaşların ortaq məsuliyyətidir. Mövcud qanunvericilik ruhi pozuntulardan əziyyət çəkən şəxslərə münasibətdə balanslı müdaxilə imkanları yaradır. Əsas məsələ vətəndaşların bu hüquqi və tibbi mexanizmlərdən xəbərdar olması və vaxtında aidiyyəti qurumlara müraciət etməsidir.