Vətən müharibəsindən sonra azadlığına qovuşan Zəngilan şəhəri bugün növbəti sakinlərinə qucaq açıb.
Yurd.Media xəbər verir ki, Zəngilan şəhərinə bu gün 59 ailə olmaqla, 235 nəfər köçüb. Ailələrə evlərinin açarları təqdim olunub.
Zəngilan şəhərinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.
Qeyd edək ki, Zəngilan şəhərindəki ilk yaşayış kompleksi müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış kompleksinin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə, ümumilikdə, 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.