Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün fəaliyyət göstərən xüsusi təhsil müəssisələri arasında xüsusi yeri olan müəssisələrdən biri də 3 №-li internat tipli xüsusi ümumtəhsil məktəbidir.
Yurd.Media xəbər portalının əməkdaşları danışma və eşitmə məhdudiyyətli uşaqlar üçün fəaliyyət göstərən bu təhsil ocağında olaraq məktəbin gündəlik həyatı, tədris prosesi və uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.
Tarixi və fəaliyyəti
Sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən 1 və 3 №-li Respublika xüsusi internat məktəbləri 1967-ci ildən fəaliyyət göstərib. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bu iki məktəb birləşdirilərək onların bazasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi yaradılıb.
Hazırda məktəbdə eşitmə məhdudiyyətli uşaqlar təhsil alır və məzunlara ümumi orta təhsil haqqında attestat təqdim edilir. 2024–2025-ci tədris ilində məktəbin 49 məzunu olub. Onlardan 5 nəfər kollecə, 6 nəfər isə peşə təhsili müəssisələrinə qəbul olaraq təhsillərini davam etdirirlər.
Məktəbdə həm Azərbaycan, həm də rus bölməsi fəaliyyət göstərir. Burada şagirdlərin vəziyyətinə uyğun fərqli tədris proqramları tətbiq olunur. Tam eşitmə məhdudiyyətli uşaqlarla zəif eşidən uşaqlar ayrı qruplarda təhsil alırlar. Müəllimlər xüsusi metodikalar və vizual yaddaşa əsaslanan tədris üsullarından istifadə edirlər.

Məktəbdə yaradılan şərait
Paytaxtın mərkəzinə yaxın, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən məktəbin geniş ərazisi, bir neçə korpusu və böyük infrastrukturu var. Kiçik yaşlı uşaqlar və yuxarı sinif şagirdləri üçün korpuslar ayrılıb.
Təhsil müəssisəsində:
- 81 sinif otağı,
- 6 texnologiya kabineti,
- 1 rəsm otağı,
- 3 laboratoriya (kimya, fizika, biologiya),
- 2 informatika kabineti,
- bərbər və tikiş otaqları fəaliyyət göstərir.
Məktəbin yeməkxanası 120 nəfərlikdir. İnternat hissəsində isə 206 çarpayı mövcuddur. Şagirdlərin rahat yaşaması üçün yataqxanalar, oyun otaqları, idman zalları və müxtəlif dərnəklər təşkil olunub.
Burada uşaqlar yalnız dərs keçmir, həm də rəsm, rəqs və idmanla məşğul olur, sosial bacarıqlar qazanırlar. Məktəb rəhbərliyi bildirir ki, bu kateqoriyadan olan uşaqların xüsusilə idmana və incəsənətə böyük marağı olur. Hətta məktəbin idman sahəsində uğur qazanan şagirdləri də var.

“Əsas prioritet uşaqlardır”
2022-ci ilin dekabr ayından məktəbə rəhbərlik edən direktor Tariyel Əkbərov bildirir ki, məktəbin əsas məqsədi uşaqları cəmiyyətə uyğunlaşdırmaq və onların gələcək həyatını daha rahat qurmasına dəstək olmaqdır.
Onun sözlərinə görə, eşitmə məhdudiyyətli uşaqlarla işləmək xüsusi yanaşma tələb edir:
“Bu uşaqlar daha həssas olurlar. İnsan üzünü çevirəndə onun nə dediyini eşitmirlər. Buna görə onlarla münasibətdə xüsusi diqqət və səbir lazımdır”.
Direktorun sözlərinə görə, ən böyük problemlərdən biri bəzi valideynlərin belə uşaqlara təhsil verməyin vacib olmadığını düşünməsidir. Halbuki məktəbin qapıları Azərbaycanın hər yerindən gələn uşaqlar üçün açıqdır.
Məktəbdə 11 illik təhsil verilsə də, məzunlar ümumi orta məktəblərin 9-cu sinif proqramına uyğun imtahan verirlər. Direktor hesab edir ki, bu imtahan sistemi eşitmə məhdudiyyətli uşaqlar üçün daha uyğun və praktik formaya salınmalıdır:
“Bu uşaqlar məlumatı əsasən göz yaddaşı ilə mənimsəyirlər. Onlar üçün imtahanların daha uyğunlaşdırılmış formada keçirilməsi vacibdir”.

Şagirdlərin gündəlik həyatı
İnternat məktəbində uşaqların gündəlik rejimi xüsusi plan üzrə qurulub. Şagirdlər səhər saat 7 radələrində oyanır, səhər yeməyindən sonra saat 09:00-da dərslərə başlayırlar. Təhsil prosesi bir növbədə təşkil olunur.
Nahar saatları ibtidai siniflər üçün 13:00–13:30, yuxarı siniflər üçün isə 14:00–14:30 arasıdır. Dərslər bitdikdən sonra uşaqlar müxtəlif dərnəklərdə iştirak edir, asudə vaxtlarını səmərəli keçirirlər.
Axşam saatlarında isə kiçik yaşlı uşaqlar oyun otaqlarında vaxt keçirir, daha sonra qız və oğlanlar üçün ayrılmış yataq otaqlarına yerləşdirilirlər. Məktəbdə təmizlik, təhlükəsizlik və gündəlik nəzarət sistemi təşkil olunub.
Bu məktəb bir daha göstərir ki, fiziki məhdudiyyətlər uşaqların inkişafına mane olmamalıdır. Onlara verilən düzgün təhsil, diqqət və qayğı gələcəkdə cəmiyyətə inteqrasiya etmələri üçün ən vacib addımdır.
FOTO: Sadıq Əliverdibəyli