Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ailə Günü münasibətilə milli ailə dəyərlərinin gənclərə aşılanması məqsədi ilə açıq dərs təşkil olunub.
Yurd.Media xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub. Açıq dərsdə ailə institutunun qorunması, milli-mənəvi dəyərlərin gənclərə aşılanması və müasir dövrdə ailə modelinin cəmiyyətdə rolu müzakirə olunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, layihə artıq iki ildir davam edir və əsas məqsəd tələbələrin ailə dəyərləri ilə bağlı düşüncələrini bölüşməsi, milli kimliyimizdə ailə institutunun yerini təbliğ etməkdir:
“Layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibətilə tələbələri dinləməkdir. Bu zaman tələbələr müəllim kimi dərs keçirlər, Azərbaycan milli kimliyində ailə dəyərlərindən bəhs edirlər. Mühazirələrdən sonra mövzu ətrafında müxtəlif diskussiyalar və müzakirələr aparılır”, – deyə rektor qeyd edib.

Aqil Şirinov vurğulayıb ki, açıq dərsin keçirilməsində əsas məqsəd milli ailə dəyərlərinin gənclərə aşılanmasıdır:
“Bildiyiniz kimi, müasir dünyada ənənəvi ailə dəyərləri müəyyən qədər öz funksionallığını itirir. Azərbaycan ailəsində isə ənənələrinə sadiq ailə modeli mövcuddur. Bu baxımdan layihənin əsas məqsədi köklərinə bağlı, eyni zamanda müasir dövrün çağırışlarını nəzərə alan ailə modelini cəmiyyətimizə təlqin etməkdir”, – deyə o əlavə edib.
Rektor həmçinin bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda ailə dəyərləri, qadın hüquqları və erkən nikahlarla bağlı müxtəlif layihələr həyata keçirilir və bu təşəbbüslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır.
Qeyd edək ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər.
