Son dövrdə evlənən cütlüklərin sayı kəskin şəkildə azalıb. Bunun nəticəsində dünyaya gələn uşaqların sayı da aşağı düşür. Bu tendensiya təkcə Azərbaycanda deyil, əksər inkişaf edən ölkələrdə müşahidə olunur. Sosial, iqtisadi və psixoloji amillər gənclərin ailə qurmağa münasibətini dəyişir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 40 min 739 nikah, 17 min 254 boşanma qeydə alınıb. Eyni dövrdə 80 min 802 uşaq doğulub. Statistik göstəricilər əvvəlki illərlə müqayisədə doğumun 5,9 faiz, nikahların isə 2 faiz azaldığını göstərir.
2026-cı ilin ilk iki ayının statistikası da azalmanın davam etdiyini göstərir. Belə ki, yanvar-fevral aylarında 5 min 250 nikah, 3 min 376 boşanma və 14 min 797 doğum qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 31,9 faiz azalıb.
Yurd.Media-ya mövzu ilə bağlı açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, əsas səbəblərdən biri gənclərin sayının azalmasıdır. Onun sözlərinə görə, əvvəllər gənclər əhalinin təxminən 30 faizini təşkil etdiyi halda, hazırda bu göstərici 21-22 faizə düşüb.
“Nigahların sayının azalması gənclərin sayının aşağı düşməsi ilə bağlıdır. 15 il öncə bu göstərici 30 faizə çatırdı, indi isə 21-22 faizə düşüb. Digər tərəfdən, əvvəllər gənclər daha tez ailə qururdu. 18-19 yaşa çatanda artıq, valideynlərin təşəbbüsü ilə də olsa, evləndirilirdilər. Lakin bu gün gənclər daha çox oxumaq və karyera qurmaq haqqında düşünür. Oğlanlar arasında evlilik yaşı 30-35-ə çatıb, qadınlarda isə təxminən 25 yaşdır".
Sosioloq vurğulayıb ki, gənclər boşanmaların sayını görüb qorxur və buna görə də evlənmək istəmir. O qeyd edir ki, əvvəllər əsasən rayonlarda insanlar daha tez evlənir və daha çox uşaq sahibi olurdu. Lakin indi həmin insanlar “yaxşı həyat” axtarışı ilə paytaxta üz tutur.
“Burada isə maddi vəziyyət heç də yaxşı deyil. Ev kirayələri yüksəkdir, maaşlar isə azdır. Rayondan gələn gənc Bakıda özünə yer tapa bilmir”.
Üzeyir Şəfiyevin sözlərinə görə, başqa bir səbəb Qərb psixologiyasının təsiridir:
“Biz Şərq ölkəsiyik, bizim milli adətlərimiz ailə çevrəsinə bağlı olub. Ailə hər şeyin mərkəzi sayılıb. Lakin Qərb psixologiyası bildirir ki, mərkəz insandır və onun şəxsi maraqlarıdır”.
sosioloq Üzeyir ŞəfiyevSosioloq qeyd edib ki, son dövrlərdə bəzi psixoloqlar da bu barədə açıq danışmağa başlayıb. O bildirib ki, illərlə insanlara fərdiyyətçi düşüncə aşılanıb və bunun ailə institutuna mənfi təsiri artıq görünür:
“Psixoloqlar da artıq bildirir ki, insanlara uzun illər ‘heç kimə ehtiyacın yoxdur, özünü xoşbəxt etməlisən’ düşüncəsi təqdim olunub. Bu isə ailə münasibətlərinə və insanların bir-birinə bağlılığına mənfi təsir göstərib. Nəticədə boşanmaların sayı artıb, insanlar münasibətlərdən uzaqlaşmağa başlayıb”.
Sosioloq hesab edir ki, problemin həlli yolları mövcuddur.
“İlk növbədə rayonlarda insanların yaşayış keyfiyyəti artırılmalıdır. Gənclər üçün müxtəlif dövlət proqramları yaradılmalı, təsərrüfat dəstəyi göstərilməlidir. Bu model qonşu ölkələrdə tətbiq edilir. Əsas məsələ rayondan paytaxta axının qarşısını almaqdır. Digər tərəfdən, yeni ailə quranlara sosial dəstək göstərilməli, onların mənzil və işlə təminatı gücləndirilməli, uşaq doğulan zaman müxtəlif sosial yardımlar verilməlidir”.
Sosioloq əlavə edib ki, dünyada gənclər canlı münasibət qurmaqda da çətinlik çəkirlər. Onun sözlərinə görə, sosial şəbəkələr canlı ünsiyyəti əvəz edir və bu transformasiyanın qarşısını almaq üçün insanların asudə vaxtını daha düzgün təşkil etmək lazımdır:
“Cəmiyyətin illərlə formalaşan düşüncə tərzini dəyişmək və milli dəyərləri inkişaf etdirmək lazımdır”.
Psixoloq Xanım Kamran isə Yurd.Media-ya açıqlamasında bildirib ki, bu problemlərin əsas səbəblərindən biri gənclərin münasibətlər və ailə ilə bağlı qorxularıdır:
“İndiki gənclərin bir çoxu elə ailədə böyüyüb ki, orada ana və ata sadəcə qonşu kimi yaşayıb. İndi böyüyən həmin uşaq anlayır ki, o, anası kimi olmaq və atası kimi biri ilə ailə qurmaq istəmir. Çünki toksik münasibətdə böyüyüb və eyni həyatı yaşamaq istəmir”.
Psixoloq Xanım KamranPsixoloqun sözlərinə görə, sosial şəbəkələr insanlarda ideal həyat illüziyası yaradır:
“İnsan sosial şəbəkədə hansısa ailə modelini görür və düşünür ki, o daha yaxşıdır. Halbuki bu, sadəcə görüntü və illüziya ola bilər. İdeal heç nə yoxdur”.
Xanım Kamran hesab edir ki, cəmiyyətin əsas problemlərindən biri insanların tənhalaşması və özünə qapanmasıdır:
“Təəssüf ki, illərlə insanlara anlatdılar ki, mərkəz insanın özüdür və ona heç kim lazım deyil. Amma indi həmin düşüncənin yanlış olduğu daha aydın görünür. Söhbət təkcə evlilikdən getmir. İnsan subay ola bilər, amma ona canlı ünsiyyət, dost və yaxın insan lazımdır. Ən böyük təhlükə insanın öz içinə qapanması və yalnız sosial şəbəkələrdə ünsiyyət saxlamasıdır”.
Psixoloq bildirib ki, bu cür tənhalıq və izolyasiya psixoloji gərginliyə səbəb olur:
“İnsanlar münasibətlərdən, ayrılmaq ağrısından və yeni emosiyalardan qorxmamalıdır. Biz daha güclü və davamlı olmağı öyrənməliyik ki, bunu yeni nəsillərə də ötürə bilək”.