Sosial ədalətin təmin edilməsinə yönələn yanaşmalar milli qanunvericilik bazasının və praktiki tətbiqlərin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsindəki islahatlarla paralel şəkildə aparılır. Əmək münasibətlərinin nizamlanması istiqamətində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə geniş miqyaslı əməkdaşlıq quran Azərbaycan indiyədək bu qurumun 60 konvensiyasını və 1 protokolunu ratifikasiya edib.
Yurd.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan "İş yerlərində psixososial risklərin idarəolunması müasir yanaşmalar və həll yolları" mövzusunda təşkil edilmiş konfransda bildirib.
Onun sözlərinə görə, bu rəqəm ölkəmizi Müstəqil Dövlətlər Birliyi coğrafiyasında BƏT sənədlərini ən çox qəbul edən dövlətlər sırasına daxil edir. Beləliklə, BƏT-in 4 əsas və 10 fundamental Konvensiyasını təsdiqləyən ölkə statusu da təmin edilib.
O qeyd edib ki, Azərbaycan hökuməti ilə BƏT arasındakı əməkdaşlıq çərçivəsində 2 Layiqli Əmək üzrə Ölkə Proqramı müvəffəqiyyətlə həyata keçirilib, milli inkişaf prioritetlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli nəticələr qazanılıb:
"Bu tərəfdaşlığın məntiqi davamı olaraq 2025–2029-cu illəri əhatə edən yeni Layiqli Əmək üzrə Ölkə Proqramı işlənib hazırlanıb və 2025-ci il noyabrın 25-də imzalanmaqla icrasına start verilib. Qeyd olunan beynəlxalq sənədlərdən doğan prinsiplər və standartlar əsasında əmək qanunvericiliyinin, eləcə də əməyin mühafizəsi sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl və hədəfyönlü tədbirlər görülür".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Qəzənfər Abdullayev isə çıxışında bildirib ki, qurum tərəfindən əməyin mühafizəsi üzrə nəzarət və profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir, maarifləndirmə işləri gücləndirilir. Eyni zamanda, şəffaf və ədalətli əmək münasibətlərinin qorunması, işçilərin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi fəaliyyətimizin əsas prioritetlərindəndir. Bu baxımdan qeyri-formal məşğulluğa qarşı mübarizə xüsusi əhəmiyyət kəsb edir.
O bildirib ki, ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və maarifləndirmə tədbirləri bu sahədə müsbət nəticələrin əldə olunmasına xidmət edir:
"Bu prosesdə həm dövlətin, həm işəgötürənlərin, həm də işçilərin birgə məsuliyyəti mühüm rol oynayır. Sosial tərəfdaşlığın inkişafı da prioritet istiqamətlərimizdəndir. Hökumət, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında hər üç ildən bir imzalanan saziş bu əməkdaşlığın mühüm alətidir. Saziş əmək münasibətlərinin tənzimlənməsi, məşğulluğun artırılması, sosial müdafiənin gücləndirilməsi və əməyin mühafizəsinin təmin olunmasına xidmət edir".
