"Rahat" supermarketdə satışda olan qurdlamış konfetə görə məsuliyyətin “Azərsun Holdinq”də olduğunu bildirib.
Yurd.Media xəbər verir ki, “ANC Group” MMC-yə məxsus "Rahat" supermarketdən “Pravda.az”ın “Slavyanka Zolotoy Step” konfetlərinin içindən qurd çıxması ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, “Azərsun” şirkətinə rəsmi müraciət olunub.
Qeyd edək ki, müştərilərdən birinin sosial mediada paylaşdığı şikayətə görə, Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən “Rahat” marketdən aldığı 1 kiloqram “Slavyanka Zolotoy Step”ə 13 manat 99 qəpik ödəyib və evə gəldikdən sonra məhsulun qurdlu olduğunu görüb.
"Rahat" supermarketdən bildirilib ki, poblem araşdırılıb, sözügedən məhsul dərhal satışdan çıxarılıb:
“Həmçinin məhsulun təchizatı ilə bağlı “Azərsun” şirkətinə rəsmi müraciət olundu. Onlara müraciət etməyimizin səbəbi isə həmin məhsulun bağlı şəkildə olmasıdır və problemin bizim əməkdaşlar tərəfindən görünməsi çox çətindir. Doğrudur, yay aylarında mümkün qədər nəzarət olunur, amma soyuq aylarda buna baxmağa adətən ehtiyac qalmır. Baxılsa belə, yerində problemi aşkar etmək çətin olur. Çünki məhsulun hamısı satışa yararsız olmaya bilər. Qeyd edək ki, “Slavyanka Zolotoy Step” konfetlərinin “Rahat” supermarket tərəfimizdən alışı da yenidir, bundan öncə həmin məhsul marketdə olmayıb. Əlavə olaraq bildirək ki, bu məhsul depoda saxlanılmır, yəni yalnız rəfə yerləşəcək qədər alınır”, - açıqlamada bildirilib.

