SÜJET
Qusar rayonunun Yasab kəndində illərdir qaz problemi həll olunmur.
Yurd.Media xəbər verir ki, bu çatışmazlıq xüsusilə qış aylarında sakinləri. həyatlarını daha da çətinləşdirir. Qazın olmaması səbəbindən odun sobasından istifadə edən kənd sakinləri bildirir ki, odun almaq həm baha başa gəlir, həm də böyük zəhmət tələb edir.
“Qalın paltarla yatırıq, əllərimiz odun doğramaqdan ağrıyır,” – deyə kənd sakinlərindən biri "Real TV"-yə bildirir. Onların sözlərinə görə, odunun qiyməti 500-600 manat arasında dəyişir. Qaz balonu isə həm təhlükəlidir, həm də əldə etmək çətindir.
Sakinlər qeyd edir ki, qonşu kəndlər bir müddət əvvəl qazlaşdırılsa da, Yasab kəndi bu imkanlardan kənarda qalıb. Şəraitsizlik səbəbindən kəndi tərk edən ailələrin də olduğu bildirilir.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb. Qurumun rəsmisi Novruz Məmmədzadə bildirib ki, təəssüf ki, hazırda Yasab kəndinin qazlaşdırılması planlaşdırılmır. Onun sözlərinə görə, ölkə üzrə qazlaşdırılmayan kəndlər və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi gündəlikdə olan məsələlərdəndir və bu işlər mərhələli şəkildə, "Azəriqaz"ın daxili maliyyə imkanlarına uyğun olaraq həyata keçirilir.