Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən piyada yolunda pandusun olmaması vətəndaşlar üçün problem yaradır. Məsələ ilə bağlı müxtəlif qurumlara müraciətlər edilsə də, indiyədək konkret nəticə yoxdur və məsuliyyət bir qurumdan digərinə ötürülür.
“Babək” Plaza ilə “Bravo” Supermarket istiqamətində yerləşən bu yoldan istifadə edən sakinlər Yurd.Media-ya bildirirlər ki, 2025-ci ilin yay aylarından etibarən aidiyyəti qurumlara müraciət edilsə də, problem həllini tapmayıb.
Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müraciətə cavabında problemin onların səlahiyyətində olmadığını bildirib və digər qurumlara müraciət edilməsini tövsiyə edib. Xətai rayon İcra Hakimiyyəti isə pandusun quraşdırılmasının onların tərəfindən həyata keçirilmədiyini qeyd edərək məsuliyyəti torpaq mülkiyyətçisi və ya balanssaxlayıcı təşkilatın üzərinə yönləndirib.
Bakı şəhər İcra Hakimiyyəti müraciəti tabeliyindəki “Əsaslı Tikinti və Təmir” MMC və Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərib. Həmin qurumlardan isə bildirilib ki, məsələ yalnız növbəti illər üçün ayrılacaq maliyyə vəsaitindən asılı olaraq nəzərdən keçirilə bilər.
Nəticədə, sadə bir pandus məsələsi belə həllini tapa bilmir.




