Son illərin statistik məlumatları göstərir ki, qadınların özlərindən yaşca xeyli böyük kişilərlə ailə qurması halları kəskin şəkildə artıb. Bu meylin həm psixoloji, həm də sosial səbəbləri var.
Psixoloq, Qərbi Kaspi Universitetinin müəllimi Elgül Ağarzayeva Yurd.Mediya-ya bildirib ki, belə münasibətlərin kökündə qadının uşaqlıq dövründə bir və ya hər iki valideyn sevgisindən məhrum böyüməsi dayana bilər:
“Qadının özündən 15-20 yaş böyük kişi ilə ailə qurmasının səbəbi valideyn sevgisindən məhrum böyüməsi ola bilər. Belə qadınlar iç dünyalarında təşviş və həyəcanla böyüyür, yetkinlik yaşına çatdıqda isə təhlükəsizlik limanı axtarırlar. Onu da yaşca böyük şəxslərdə tapırlar”, – deyə psixoloq bildirir.
Amma bu, yeganə səbəb deyil. E. Ağarzayevanın sözlərinə görə, bəzən normal ailə mühitində böyüyən qız uşaqları da belə münasibətlərə üstünlük verə bilir:
“Evin kiçik övladı həm valideynlərin, həm də ətrafın daha çox diqqətini qazanır. Belə mühitdə böyüyən uşaq sonradan da bu qayğını və sevgini özündən yaşca böyük şəxsdə tapmağa çalışır”.
Psixoloq hesab edir ki, bəzi hallarda qadınların öz yaşıdları ilə maraqlarının toqquşmaması da böyük yaş fərqli münasibətlərə yönəldir:
“Bəzən qadınlar keçmiş uğursuz münasibətlərdən sonra emosional bağlılıq axtarışını yaşca böyük şəxslərdə tapır və onlarla daha rahat ünsiyyət qura bilirlər”.
Mütəxəssisin fikrincə, bu məsələdə sosial amillərin rolu da böyükdür:
“Sosial baxımdan təminatlı insanla ailə qurmaq qadınlar üçün həm maddi, həm də emosional stabillik deməkdir”.
Kişiləri nələr cəlb edir?
Qadınların səbəbləri daha çox təhlükəsizlik və təminat axtarışı ilə bağlı olsa da, kişilərdə motivasiya fərqlidir.
“Kişilər üçün gənc qadınların dinamizmi, gözəlliyi və cazibəsi əsas amillərdən biridir. Onlarda dominantlıq hissi güclü olur və gənc qadını idarə etmək daha asan görünür. Bəzən bu, özünəgüvən problemlərinin nəticəsidir. Yaşca kiçik xanımla münasibət quran kişi bunu bir növ komplekslərinin kompensasiyası, cəmiyyətə özünü sübut vasitəsi kimi görür”, – deyə psixoloq vurğulayır.
Potensial problemlər
Bununla belə, belə ailələrdə uzunmüddətli perspektivdə problemlərin yaranma riski yüksəkdir:
“Ailə münasibətində sevgi nə qədər vacibdirsə, maraqların uyğunluğu da bir o qədər əhəmiyyətlidir. Böyük yaş fərqi olan münasibətlərdə kişi ata rolunu üzərinə götürə bilər ki, bu da ailədaxili balansı poza bilər. Bioloji fərqlərdən irəli gələn istək uyğunsuzluğu da problemlər yarada bilər”.
Psixoloq qeyd edir ki, belə münasibətlərin uzunömürlü və ya qısa olması müxtəlif amillərdən asılıdır. Bəzən bu ailələr çox xoşbəxt yaşayır, bəzən isə tez dağılır.
Ekspertlərin qənaətinə görə, belə münasibətlərin sağlam və davamlı olması üçün hər iki tərəfin psixoloji və sosial baxımdan yetişmiş olması şərtdir. Əks halda, tərəflər yalnız şəxsi maraqlarını təmin edənədək birlikdə qalır və bu münasibət ailə sayılmır.
Qeyd: yazıda süni intellektin məhsulu olan fotolardan istifadə olunub