SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ölüm faktının sistemə daxil edilməsindəki boşluqlar: Vəfat edənin pensiyası necə mənimsənilir? - ARAŞDIRMA

Ölüm faktının sistemə daxil edilməsindəki boşluqlar: Vəfat edənin pensiyası necə mənimsənilir? - ARAŞDIRMA

Azərbaycanın elektron hökumət infrastrukturu son illərdə sürətlə inkişaf etsə də, bəzi kritik sahələrdə sistemlərarası əlaqəsizlik ciddi problemlərə yol açır. Onlardan biri – vətəndaş vəfat etdikdə bu faktın müxtəlif qurumlar arasında necə və nə vaxt paylaşılması məsələsidir.

Sistemlərarası uçurum: Məlumat paylaşılmır

Əvvəlcə başlayaq ölüm faktlarının qeydə alınmasından. Səhiyyə Nazirliyindən Yurd.Media-ya bildilib ki, ölüm faktları Tibbi Təcili Yardım və ya poliklinikalar tərəfindən qeydə alınır, o isə TƏBİB-in səlahiyyətindədir.  Lakin Tibbi Təcili Yardım Xidməti qeyd edir ki, onların sistemi yalnız daxili istifadə üçündür və TƏBİB və ya Səhiyyə Nazirliyi ilə məlumat paylaşımı həyata keçirilmir. Yəni bir şəxsin harada vəfat etdiyi və ölümün səbəbi kimi mühüm məlumatlar vahid bir platformada birləşdirilmir.

Ədliyyə Nazirliyi isə bildirir ki, vətəndaşın yaxınları ölüm faktını poliklinikaya bildirir, bu zaman məlumat səhiyyə sisteminə daxil edilir və sonradan ölüm şəhadətnaməsi hazırlanaraq təqdim olunur. Bundan sonra növbəti ayın 1-dən pensiya kartı bloklanır, pensiya kapitalı dayandırılır və Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən üç aylıq pensiyaya bərabər olan dəfn yardımı – "ölü pulu" ödənilir.

O zaman sual ortaya çıxır: Məlumat təqdim edilmirsə, pensiya kartı işlək qalır?

Sistemdəki əsas boşluq ondan ibarətdir ki, ölüm faktının bildirilməsi vətəndaşın yaxınlarının öhdəsinə buraxılır. Əgər yaxınları bu barədə heç bir quruma məlumat verməzsə, vəfat etmiş şəxsin pensiya kartı işlək qalır, bankomatdan pul çıxarmaq mümkündür və bu zaman pensiya kapitalı qanunsuz şəkildə mənimsənilə bilər.

DSMF bildirir ki, bu barədə məlumatlar aidiyyəti qurumların elektron infrastrukturundan alınır. Amma bu sistemlər real vaxt rejimində inteqrasiya olunmadığı üçün, ölüm faktı avtomatik olaraq DSMF-yə ötürülmür, beləliklə ölüm faktının gizlədilməsi nəticəsində dövlətin vəsaiti mənimsənilə bilir. Əgər bu hal sonradan aşkar edilərsə, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və tədbir görülür. Lakin bu, artıq fakt baş verdikdən sonra mümkün olur.

Qonşu ölkə nümunəsi: Rusiyada sistem necə işləyir?

Müqayisə üçün Rusiyada şəxs vəfat etdikdə Təcili Tibbi Yardım gəlir, ölüm faktının konstatasiyası yerində aparılır, cəsəd birbaşa morqa aparılır. Morqda tibbi ekspertiza keçirilir və ölüm səbəbi rəsmiləşdirilir – bu zorakılıqla olub, ya təbii ölüm olduğu müəyyən olunur.

Daha sonra morqdan bütün dövlət qurumlarına – Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Pensiya Fonduna məlumat eyni vaxtda ötürülür. Yaxınlarına lazım olan bütün arayışlar oradaca təqdim olunur, beləliklə vətəndaş ölü arayışı almaq üçün ayrı-ayrı qurumlara getməyə ehtiyac duymur. Bu sənədlərlə birlikdə dəfn prosesinə icazə verilir. Hətta sənədlər tam təqdim olunmayıbsa, cəsədi dəfn etməyə icazə verilmir.

Azərbaycanda isə sadəcə cəsədin olduğu maşınla qəbiristanlığa gəlmək kifayətdir. Hər hansı ciddi sənəd yoxlaması aparılmadan və rəsmi icazə verilmədən, bəzən ödəniş qarşılığında torpaq sahəsi satılır və dəfn prosesi həyata keçirilir. 

Sistem inteqrasiyası zəruridir

Mütəxəsisslər qeyd edir ki, vəfat etmiş şəxsin ölüm faktı qeydə alınan andan etibarən bu məlumatın avtomatik olaraq Ədliyyə, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin sistemlərinə ötürülməsi, pensiyanın dərhal dayandırılması və dəfn prosedurlarının hüquqi əsaslarla həyata keçirilməsi üçün tam inteqrasiya olunmuş vahid sistem yaradılmalıdır.

Hazırkı mexanizm isə vətəndaşın insafına buraxılmış zəif bir strukturdur və bu, həm hüquqi pozuntu hallarına, həm də dövlətin maliyyə itkilərinə yol açır.

Nəticədə, bu sadəcə texnoloji deyil, sosial ədalət və hüquqi məsuliyyət məsələsidir.

Prime Leasing