SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Küçədəki it və pişiklərə sahib çıxanlar - Heyvanlara Qayğı Mərkəzindən REPORTAJ

Küçədəki it və pişiklərə sahib çıxanlar - Heyvanlara Qayğı Mərkəzindən REPORTAJ

Bakı

Mərhəmət hissi hər bir insanda olmalıdır. Biz yalnız bir-birimizə deyil, heyvanlara da qayğı göstərməliyik. Təəssüf ki, hələ də küçə heyvanlarına qarşı kobud davranan insanlar var. Lakin İDEA Heyvanlara Qayğı  Mərkəzi (IDEA Animal Care Center) kimi mərkəzlər bu münasibəti dəyişmək və cəmiyyətə nümunə olmaq baxımından mühüm rol oynayır.

2020-ci ildə İDEA İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılan Mərkəz Bakı şəhərinin Qaradağ rayonunda yerləşir. Onun əsas məqsədi küçə heyvanlarının sağlamlığını qorumaq, onları reabilitasiya etmək və təhlükəsiz şəkildə sahibləndirməkdir.

Burada müasir tibbi avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası, əməliyyat otaqları, bala heyvanlar üçün ayrıca bölmələr, böyük itlər üçün volyerlər və oyun sahələri mövcuddur. Hər heyvana fərdi yanaşılır – gündəlik təmizlik, qidalanma və tibbi nəzarət davamlı şəkildə aparılır.

“Heç bir ödəniş almadan xidmət göstəririk”

Mərkəzin direktoru Heyran Hüseynova-Kalender Yurd.Media-ya açıqlamasında bildirir ki, burada küçə heyvanlarına göstərilən bütün xidmətlər ödənişsiz həyata keçirilir:

“Əsasən vətəndaşlar yaralanmış və ya xəstə heyvanları gətirirlər. Biz də heç bir ödəniş almadan baytarlıq xidmətləri göstəririk. Əgər heyvanın səhhəti imkan verirsə, onu tapıldığı əraziyə geri buraxırıq”.

İDEA Heyvanlara Qayğı Mərkəzinin direktoru Heyran Hüseynova-KalenderİDEA Heyvanlara Qayğı Mərkəzinin direktoru Heyran Hüseynova-Kalender

O bildirib ki, Mərkəzdəki heyvanlar sahibləndirilə bilər, lakin bu proses ciddi nəzarət altında aparılır:

“Heyvan getdiyi yerdə özünü rahat hiss etməlidir. Onun saxlanılması üçün şəraitin olması vacibdir. Hətta heyvan sahibləndirildikdən sonra bir müddət nəzarətdə saxlanılır ki, uyğunlaşma prosesi düzgün getsin”.

Maarifləndirmə də mərkəzin fəaliyyət istiqamətlərindən biridir. Direktor bu xüsusda məktəblilərin mərkəzə səfərlərinin əhəmiyyətini qeyd edib:

“Uşaqlar burada heyvanlarla vaxt keçirərək onlara qarşı necə davranmağı öyrənirlər. Bu təcrübə onların böyüdükdə də heyvanlara sevgi və qayğı ilə yanaşmalarına təsir edir”.

“Maşınla vurulan heyvanları çox zaman başqaları gətirir”

Mərkəzin baş baytar həkimi Ayişə Əlizadə isə deyib ki, mərkəzə gətirilən heyvanların əksəriyyətində dəri xəstəlikləri müşahidə olunur:

“Ən çox rast gəlinən problemlərdən biri dəridə infeksiyalardır. Bəzən bizə maşınla vurulmuş heyvanlar gətirilir. Təəssüf ki, onları vuran şəxslər çox vaxt məsuliyyətdən yayınır”.

O, belə halların həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməz olduğunu qeyd edib:

“Bu, hər kəsin başına gələ bilər – bir anda yolun ortasına heyvan çıxa bilər. Amma vurub sakitcə getmək həm vicdansızlıq, həm də qanunsuzluqdur. Belə heyvanları isə çox zaman təsadüfən yoldan keçən insanlar gətirir”.

Küçədəki dostlarımıza sahib çıxaq

İDEA Heyvanlara Qayğı  Mərkəzi təkcə tibbi xidmət deyil, həm də cəmiyyətə mesaj verir: heyvanlara qarşı məsuliyyətli, qayğıkeş və mərhəmətli olmaq hər bir vətəndaşın borcudur. Əgər bir it və ya pişik aqressivdirsə, bu, çox zaman insan tərəfindən gördüyü pis rəftarın nəticəsidir. Əvəzində sevgi və şəfqətlə yanaşılan  heyvan, sahibinə qarşı sonsuz sadiqlik göstərir.

Foto: Sadıq Əliverdibəyli

İDEA Heyvanlara Qayğı Mərkəzinin direktoru Heyran Hüseynova-Kalender
Prime Leasing