İsmayıllı rayonunun yaşıllığı ilə seçilən Talıstan kəndində qəbiristanlığın yaxınlığı zibilliyə çevrilib.
Yurd.Media xəbər verir ki, sakinlərin "Xəzər Xəbər"ə açıqlamasına görə, əraziyə atılan tullantılar həm mənzərəni korlayır, həm də sağlamlıq və ekoloji problemlərə yol açır. Digər tərəfdən, mütəmadi olaraq yandırılan zibillər ağaclara ziyan vurur və ətraf mühitə təhlükə yaradır.
Sakinlər ərazidə zibil qablarının quraşdırılmasını və zibillərin vaxtında daşınmasını arzulayırlar. Onların sözlərinə görə, xüsusilə yay aylarında üfunət və çirklilik dözülməz həddə çatır.
Sakinlər bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Talıstan kənd bələdiyyəsindən verilən məlumata görə, ərazi bir neçə ay əvvəl təmizlənib. Lakin dəfələrlə edilən şifahi xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar yenidən eyni qaydada zibilləri həmin yerə atmağa davam edirlər.
Qeyd olunur ki, ərazinin təmiz saxlanılması üçün yaxın zamanda aidiyyəti qurumlarla müqavilə bağlanması nəzərdə tutulub. Həmçinin, əraziyə nəzarət gücləndiriləcək və tullantı atan şəxslər cərimələnəcək.