Qəbələ rayonu Kiçik Pirəli kənd sakin Qinyaz Yusibov ona məxsus torpaq sahəsi ilə bağlı rəsmi çıxarışı olsa da onu nə sata, nə də bağışlaya bilmir. Sadəcə, istifadə etmək hüququna malikdir.
Yurd.Media İTV-yə istinadən xəbər verir ki, vətəndaş özünə məxsus olan daşınmaz əmlakla bağlı texniki pasportu ala bilmir.
Fermerin sözlərinə görə, ümumi sahəsi 1 hektar 17 sot olan torpaq sahəsinin yerləşmə mövqeyi 1998-ci ildə olan xəritə ilə hazırkı elektron xəritə ilə üst-üstə düşmür.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, hazırda elektron uçot xəritəsində Qinyaz Yusibovun torpaq ərazisi kimi qeyd edilən sahənin bir hissəsi Fəxrəddin Abdullayev tərəfindən istifadə olunur.
Fəxrəddin Abdullayevə məxsus ərazi isə digər bir şəxsin istifadəsindədir. Qinyaz Yusibovun torpaq sahəsi ilə bağlı elektron uçot sistemində düzəliş aparılması və faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması qonşu mülkiyyətçi Fəxrəddin Abdullayevin də torpaq sahəsinin elektron uçot xəritəsindəki mövqeyinə təsir edir.
Qinyaz Yusibov torpaq sahəsinin 1 hektar 11 sot kimi qeydiyyata alınmasına və çıxarış, plan, ölçü sənədlərinin verilməsinə etiraz etməsə də, qonşu Fəxrəddin Abdullayev onaməxsus torpaq sahəsinin 0,66 hektar kimi qeydiyyata alınmasına razılıq vermir.