SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Heydər Əliyev Fondundan qayğıya ehtiyacı olan uşaqlara Yeni İl ovqatı - FOTO

Heydər Əliyev Fondundan qayğıya ehtiyacı olan uşaqlara Yeni İl ovqatı - FOTO

  • 26 dekabr 2025, 22:51
Bakı

Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları Heydər Əliyev Fondu tərəfindən "Yeni il möcüzəsi" adlı bayram şənliyinə dəvət alıblar.

Yurd.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Bayram ovqatı ilə bəzədilən "Gülüstan" sarayında uşaqları nağıl qəhrəmanları qarşılayıb. "Face Art" vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.

Uşaq bayramı videoçarxın nümayişi ilə başlayıb. Balacaların ən böyük dostu və himayədarı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə yeni nəslə qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını uşaqlarla birlikdə keçirməsindən bəhs edən görüntülər maraqla izlənilib. Videoçarxda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən də maraqlı anlar əks olunub.

Uşaqlara təqdim edilən əyləncələrlə dolu səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək üzərində qurulub: xoşniyyətli insanların hər zaman qələbə çaldığı göstərilir.

Yeni il ovqatlı sarayda uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində rəqs edib, mahnı ifa edərək keçiriblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevindirmək məqsədilə təşkil edilir.

İyirmi bir il ərzində Fondun keçirdiyi Yeni il şənliklərində qayğıya ehtiyacı olan minlərlə uşaq iştirak edib.

Əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları