Abşeron rayonundakı "Uğur" adlı zavodun buraxdığı tüstü və səs-küy ərazidə yaşayanlara böyük problem yaradır.
Yurd.Media xəbər verir ki, rayonun "Quşçuluq massivi", Nəsimi küçəsi, 85 ünvanında yaşayan sakinlər bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb.
Şikayətlə bağlı zavod rəhbərliyi burada boya, üzlük və digər məhsullar istehsal olunduğunu və yüksək səs-küy yaranmadığını bildirib.
Zavoddan tüstü yayılmasına gəlincə, qeyd edilib ki, əvvəllər tüstü ilə bağlı avadanlıqlarda problem olsa da, hazırda onlar tam təmir olunub. O da vurğulanıb ki, zavod fəaliyyətə başladığı illərdə həmin ərazidə evlər olmayıb, sonradan tikilib.
Abşeron Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən problemlə bağlı yaxınlıqda yaşayan sakinlərdən quruma müraciət daxil olub. Bununla bağlı araşdırma aparılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələnin araşdırılacağı və fakt təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilib.