Müasir dövrdə bir çox ailədə uşaqların gündəlik qayğısı nənə və babaların üzərinə düşür. Valideynlərin sıx iş qrafiki, iqtisadi çətinliklər və digər səbəblər azyaşlıların günün böyük hissəsini nənə-babaları ilə keçirməsinə səbəb olur. Bəs nənə-baba yanında böyüyən uşaqların inkişafı necə formalaşır? Düzdün istiqamətdə tərbiyyə almayan uşaqlara görə qınaq obyekti kim olmalıdır?
Sosioloq İlkin Məmmədkərimov Yurd.Media-ya bildirib ki, şəhərləşmə, miqrasiya və nüvə ailə modelinin geniş yayılması səbəbindən nənə-baba ilə böyüyən uşaqların sayı azalsa da, valideynlərin işlədiyi və ya xaricdə olduğu ailələrdə bu model hələ də aktuallığını qoruyur.
Onun sözlərinə görə, nənə-baba ilə böyüyən uşaqlar daha çox ənənəvi dəyərlərə bağlı, ailə münasibətlərinə önəm verən fərdlər kimi formalaşa bilirlər.
“Belə uşaqlar daha çox ailə mərkəzli olur, sosial davranışlarında sabitlik müşahidə edilir. Lakin nəsillərarası baxış fərqləri müəyyən uyğunsuzluqlar yarada bilər. Bəzi hallarda isə nənə-babaların nəvələrinə həddindən artıq güzəşt etməsi uşaqların ərköyün böyüməsinə səbəb olur. Çünki onlar nəvələrinə ‘yox’ deməkdə çətinlik çəkirlər”, – deyə sosioloq qeyd edib.
Sosioloq İlkin MəmmədkərimovPsixoloq Sibel Piriyeva isə Yurd.Media-ya açıqlamasında qeyd edib ki, uşağın tərbiyəsində vahid yanaşmanın olmaması davranış problemlərinə yol aça bilər.
“Əgər ana tərəfindən qoyulan qadağaları nənə pozursa və buna şərait yaradırsa, xüsusilə 6 yaşa qədər olan uşaqlarda davranış tutarsızlığı özünü göstərə bilər. Uşaq bəzən özünü yaxşı aparacaq, bəzən isə əks davranışlar nümayiş etdirəcək. Bu, uşağın tərbiyəsinə birbaşa mənfi təsir göstərir. Digər tərəfdən, evdə böyüklər arasında fikir ayrılıqları davranış pozuntularına gətirib çıxara bilər”, – deyə psixoloq bildirib.
Onun sözlərinə görə, uşağın əsas baxıcılarının tez-tez dəyişməsi də məqsədəuyğun deyil.
“Uşağa kim baxırsa baxsın, düzgün baxsın. Hər gün bir neçə fərqli şəxsin uşağın təbii ehtiyaclarını qarşılaması düzgün hesab olunmur. Uşaq bəzən qohumunda qala bilər, lakin daimi olaraq bir neçə baxıcı arasında qalması onda çaşqınlıq yarada bilər”, – deyə S.Piriyeva vurğulayıb.
Psixoloq Sibel PiriyevaPsixoloq əlavə edib ki, uşaq 9 aylıq dövrdən sonra ara-sıra nənəsində və ya yaxın qohumunda qala bilər. Bu, həm valideynlərin istirahət etməsinə və bir-birinə vaxt ayırmasına imkan yaradar, həm də uşaqda anaya həddindən artıq bağlılığın qarşısını ala bilər.
S.Piriyevanın sözlərinə görə, nənə-baba ilə böyüyən uşaqların nitq inkişafında da müsbət məqamlar müşahidə oluna bilər.
“Nənələr uşaqlarla daha çox danışır, onları söhbətə cəlb edirlər. Bu da uşağın daha tez dil açmasına müsbət təsir göstərə bilir”, – deyə o bildirib.
Psixoloq bildirib ki, əgər uşağın tərbiyəsi və inkişafı normal şəkildə davam edirsə, heç kimi qınamaq düzgün deyil.
“Əgər uşağın tərbiyəsi, qayğısı və inkişafı ilə bağlı hər şey qaydasındadırsa, burada heç kim qınaq obyekti deyil. Nənə-babanın uşağa baxması qınanılası hal deyil. Əsas məsələ ailə daxilində vahid tərbiyə prinsipinin qorunmasıdır”, – deyə o qeyd edib.
Bu məsələ ilə bağlı bir çox valideynlər isə nənə-babaların dəstəyinin ailələr üçün böyük kömək olduğunu deyir.
Beləliklə, mütəxəssislərin fikrincə, uşağın nənə-baba yanında böyüməsi nə tamamilə mənfi, nə də tamamilə müsbət hal kimi qiymətləndirilməlidir. Əsas olan uşağın sevgi, qayğı və ardıcıl tərbiyə mühitində böyüməsi, ailə üzvlərinin isə bu prosesdə ortaq mövqedən çıxış etməsidir.