SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İş axtaranın elektron mübarizəsi: Vakansiya var, amma müraciət olunmur - ARAŞDIRMA

İş axtaranın elektron mübarizəsi: Vakansiya var, amma müraciət olunmur - ARAŞDIRMA

İş axtaran vətəndaş üçün vakansiyanın mövcud olması qədər, həmin vakansiya barədə dolğun məlumat əldə etmək və ona müraciət edə bilmək də vacibdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilən vakansiyalara nəzər saldıqda, bütün iş elanlarının işaxtaranlar üçün eyni imkanları yaratmadığı görünür.

Yurd.Media araşdırmasına görə, digər dövlət qurumları və özəl sektor tərəfindən sistemdə yerləşdirilən bəzi vakansiyalara müraciət etmək üçün vətəndaşın əvvəlcə DOST-da işaxtaran kimi qeydiyyatdan keçməsi tələb olunur. Qeydiyyatdan sonra vətəndaş sistemin “Məşğulluq – Göndərişlər – Göndəriş əməliyyatları – Münasib işlər” bölməsində vakansiyaları görə bilir. Proses elə burada da dayanır. İşaxtaran şəxs vakansiyanı seçərək sistem üzərindən müraciət etmək istədikdə “Bu servisi icra etmək üçün icazəniz yoxdur” bildirişi ilə qarşılaşır. Nəticədə elektron sistem üzərindən işə müraciət etmək istəyən vətəndaş yenidən DOST mərkəzinə yönləndirilir.

Elektronlaşdırılmış xidmət dada çatırmı?

Başqa sözlə, vətəndaş sistemdə iş elanını görür, vakansiyanı seçir, müraciət etmək istəyir, lakin elektron sistem ona müraciət imkanını vermir. Belə olan halda elektronlaşdırılmış xidmətin vətəndaşın işini nə dərəcədə asanlaşdırdığı sual doğurur.

Problemlər bununla da bitmir. Həmin vakansiyalar barədə məlumatların bəzi hallarda natamam təqdim edildiyi müşahidə olunur. İşəgötürən tərəfindən vakansiya yerləşdirilərkən vəzifənin mahiyyəti, namizədə qoyulan tələblər, əməkhaqqı, iş qrafiki və digər vacib şərtlər barədə məlumatlar tam göstərilmir. Nəticədə işaxtaran şəxs vakansiyanın mövcud olduğunu görsə də, həmin işin özünə uyğun olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkir.

Digər tərəfdən, işçi artıq işə götürüldükdən sonra da bəzi vakansiyaların sistemdən çıxarılmadığı müşahidə olunur. Beləliklə, işaxtaran şəxsin qarşısına artıq aktual olmayan elan çıxır və vətəndaş vaxtını həmin vakansiyaya müraciət etməyə sərf edə bilər. Belə olan halda sual yaranır: vakansiyaların aktuallığına və sistemdə yerləşdirilən məlumatların düzgünlüyünə kim və necə nəzarət edir?

Nazirliyin qurumlarında durum başqadır

ƏƏSMN-in tabeliyində olan qurumların vakansiyalarında isə vəziyyət fərqlidir. Bu vakansiyalar Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Vakansiya (ƏƏSMN) – Aktiv vakansiyalar” bölməsində yerləşdirilir. Həmin elanlar, adətən, daha dolğun məlumatla təqdim olunur və müraciət proseduru da daha sadədir. İşaxtaran şəxs əlavə qeydiyyat və ya başqa quruma müraciət etmədən, sistem üzərindən vakansiyanı seçərək birbaşa elektron qaydada müraciət edə bilir.

Yəni eyni sistemdə bir vakansiyaya müraciət etmək bir neçə kliklə mümkün olduğu halda, digər vakansiya üzrə vətəndaş əvvəlcə qeydiyyatdan keçməli, daha sonra isə sistemin verdiyi “icazəniz yoxdur” cavabından sonra DOST-un qapısını döyməlidir. Bu fərqin səbəbi isə işaxtaran vətəndaş üçün aydın deyil.

Ekrana sığmayan vakansiyalar

Sistemin texniki tərəfi də ayrıca sual doğurur. Belə ki, bəzi vakansiyalar üzrə məlumatlar brauzerin standart 100 faizlik miqyasında tam şəkildə ekrana sığmır. İşaxtaran şəxs məlumatların hamısını görə bilmək üçün brauzerin miqyasını azaltmağa məcbur qalır. İş axtaran vətəndaşın qarşısında onsuz da kifayət qədər maneə olduğu halda, vakansiya məlumatlarını oxumaq üçün ekranla da “mübarizə aparması” sistemin istifadə rahatlığı baxımından ciddi çatışmazlıqdır.

Nəticə etibarilə, elektron sistemin məqsədi vətəndaşı işə yaxınlaşdırmaqdır, onu bir pəncərədən digərinə göndərmək yox. Vətəndaş vakansiyanı görür, amma müraciət edə bilmirsə, natamam məlumatla qarşılaşırsa və üstəlik artıq mövcud olmayan elanlar sistemdə qalırsa, burada artıq söhbət sadəcə texniki problemdən getmir. Elektron xidmət vətəndaşın işini asanlaşdırmalıdır — vətəndaş elektron xidmətin problemini həll etməməlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları