SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Uşaqlar üçün riskli içkilər: Nəzarətsizlik hara aparır? - MƏQALƏ

Uşaqlar üçün riskli içkilər: Nəzarətsizlik hara aparır? - MƏQALƏ

  • 17 iyun 2026, 18:42

Son dövrlər enerji içkilərinin uşaqlar və yeniyetmələr arasında yayılması ciddi narahatlıq doğurur. Beynəlxalq səhiyyə qurumlarının və son tədqiqatların xəbərdarlıqlarına görə, bu içkilər sağlamlıq riskləri ilə yanaşı, davranış pozuntularının və zorakılıq meyllərinin artmasına səbəb ola bilər. Azərbaycanda da aparılan müşahidələr göstərir ki, yetkinlik yaşına çatmayanların enerji içkilərinə çıxışı kifayət qədər nəzarət altında deyil. Bu vəziyyət uşaqların sağlamlıq hüquqlarının qorunması üçün daha sərt nəzarət və hüquqi mexanizmlərə ehtiyac yaradır.

Səhiyyə işçiləri, psixoloqlar və digər ekspertlər də problemin kifayət qədər ciddi olduğunu bildirirlər.

Yurd.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Uşaqların yuxuları pozulur, akademik göstəriciləri aşağı düşür"

Azərbaycan Tibb Universitetinin (ATU) uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva hesab edir ki, 16 yaşa qədər uşaqların energetik içkilərdən istifadə etməsi ümumiyyətlə, düzgün deyil: "Bu içkilər ürək-qan damar sisteminə güclü mənfi təsir göstərir. Maddələr mübadiləsinin pozulmasına, həyəcanlılığın artmasına, sinir sisteminin pozuntusuna səbəb olur. Uşaqların yuxuları pozulur, akademik göstəriciləri aşağı düşür. İstifadənin dövriyyəsindən və uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq təsirlər dəyişir. Energetik içki içən adamlarda qəfil ürək dayanmasının baş verməsi ilə bağlı çoxlu nümunələr var". Ş.Balayeva hesab edir ki, bu içkilər yeniyetmələrə satılmamalıdır: "Bununla bağlı ilk növbədə profilaktik maarifləndirmə işi aparılmalıdır. Hazırda energetik içkilərin reklamı çox güclüdür. Əslində bu içkilərin kiçik yaşlı uşaqlara satışı qadağan olunmalı, reklamının qarşısı alınmalıdır. Cəmiyyətdə hörməti olan insanların bu içkiləri reklam etməsi onların uşaqlar arasında geniş yayılmasının əsas səbəblərindən biridir. Təəssüf ki, alkoqollu içkilərin, siqaretin reklamı qadağan edilsə də, bu məhdudiyyət hələ energetik içkilərə gəlib çatmayıb".

"Uşaqlara satışına qadağa qoyulmalıdır"

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, energetik içkilər orqanizmdəki enerji balansını pozur: "Bu içkilər böyüklərə də ziyandır, amma uşaqlara daha çox zərər verir. Çünki uşaqların orqanizmi tam formalaşmayıb. Energetik içkilər hormon balansının pozuntusuna səbəb olur, onlarda kofein asılılığı yaradır. Uzun müddət qəbul edəndə onlarda əsəbilik, yuxusuzluq, orqanizmin bərpa prosesinin ləngiməsi, psixoloji hallar kimi fəsadlar meydana çıxır. Qız uşaqları bu içkilərdən istifadə edirlərsə, dünyaya sağlam uşaq gətirə bilməzlər". M.Abbasova hesab edir ki, ilk növbədə valideynlər uşaqlarına nəzarəti gücləndirməlidirlər: "Fikrimcə, bu məsələyə aidiyyəti qurumların da nəzarəti güclənməlidir. Əgər bu içkilər böyüyən nəslə ziyandırsa, onun satışı nizamlanmalı, müəyyən yaş uşaqlara satışına qadağa qoyulmalıdır".

"Uşağa ilk növbədə energetik içkinin tərkibi izah olunmalıdır"

Psixoloq Aysel Həsənova yeniyetməlik dövrünün insan həyatında həm fizioloji, həm psixoloji, həm də sosial olaraq ağır və böhran dövrü olduğunu bildirir: "Bu dövrdə uşaqlar daha çox emosiya və hisslərlə hərəkət edirlər. Ona görə bu içkilər onlarda mənfi nəticələrə səbəb ola bilir. Nəzərə almaq lazımdır ki, yuxu pozuntusundan əziyyət çəkən, diqqətində problem yaranan, akademik təzyiq altında olan, emosional dəstəyi az olan uşaqlar daha çox risk qrupun daxil olur". Psixoloq tövsiyə edir ki, içkinin zərərini başa salmaq üçün uşağı qorxutmaq yox, maarifləndirmək lazımdır:

"Uşağa ilk növbədə energetik içkinin tərkibi izah olunmalıdır. Uşaqlar bilməlidirlər ki, "için, qanadlanın!" kimi reklamlar mifdir. Mövzu ilə bağlı müzakirələr, psixoloji seminarlar keçirilməli, sağlam alternativlər, müsbət rol modellər olmalıdır".

Həm əhali, həm dövlət orqanları çalışmalıdır

Hüquqşünas Ruslan Vəliyev enerji içkiləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sanitar norma və qaydalarının müəyyən olunduğunu bildirir: "Enerji içkilərində olan komponentlərin miqdarı həmin qaydalardan kənardırsa, AQTA həmin mallara dair istehsalçılara və ölkəyə idxala qadağa qoymalı, ya da satışdan çıxarılmalıdır". Hüquqşünas hesab edir ki, Ombudsmanın çağırışı dövlət qurumlarına təsir etməlidir: "AQTA energetik işçilərin özünün təsdiq etdiyi norma və qaydalara uyğunluğunu yoxlamalıdır. Ombudsmanın belə tədbirlər görmək səlahiyyəti olmadığı üçün ümumi çağırış edib: həm əhali buna bir az həssas yanaşsın, həm də dövlət orqanları lazımı addımlar atsın. Hesab edirəm ki, bu çağırışdan sonra enerji içkilərinin ölkəyə idxalına və istehsalına nəzarət artırılmalıdır".

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları