Bərdədə qoyunçuluqla məşğul olan bir qrup təsərrüfat sahibi bu mövsüm yaylağa gedə bilməyib.
Yurd.Media xəbər verir ki, həmin şəxslər heyvanlarını Kəlbəcər yaylaqlarında olan yurd yerlərinə apara bilmirlər.
"Xəzər TV"yə şikayət edən sakinlər bildiriblər ki, buna səbəb qeydiyyatın aparıldığı portalda icazə verilməməsidir. Hələ SSRİ dövründə həmin yaylaq yerləri dövlət səviyyəsində Bərdə rayonundan olan qoyunçuluq təsərrüfatlarının olub.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, Bərdə rayonunun Hacıallı kəndindən olan fermerlər əvvəlki illərdə portalda qeydiyyatdan keçərək təsərrüfatlarını yaylağa aparıblar. Bu il isə həmin fermerlərin heç biri mayın 11-dək portalda qeydiyyata düşməyib.
Hazırda "Köç" portalı açıqdır, Kəlbəcərdə kifayət qədər boş yaylaq yerləri var, həmin fermerlər boş qalan yaylaq yerlərini seçərək təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara apara bilərlər. Vüqar Hüseynov bildirib ki, yaylaqlarda yer seçimi fermerin özü tərəfindən köç portalı vasitəsilə ardıcıllıq prinsipi əsasında həyata keçirilir. Yəni, bir yaylaq yerinə iki və daha artıq fermer iddialıdırsa, yaylaq yerini elektron xəritədə ilk seçmiş fermerlə müavilə bağlanır. Digər fermer isə alternativ yerlərdən birini seçməlidir.