SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakının Şanxayı: Keşlənin son akkordları

Bakının "Şanxayı": Keşlənin son "akkordları"

Bakı şəhərinin Nizami rayonuna aid olan Keşlə qəsəbəsində yerləşən və sakinlər arasında "Şanxay" kimi tanınan ərazi uzun illərdir ki, müzakirə mövzusudur. 1990-cı illərdə formalaşan bu küçə dar keçidləri və bir-birinə bitişik, qeyri-rəsmi şəkildə inşa olunan evləri ilə fərqlənir. Məhz bu səbəbdən yerli əhali bura “Şanxay” adını verib — Çinin sıx və nizamsız tikililəri ilə məşhur şəhərinə bənzədildiyi üçün.

Yurd.Media xəbər verir ki, hazırda ərazidə sökülməyən evlər qalır. Sakinlərin sözlərinə görə, 2019-cu ildən etibarən söküntü və köçürülmə işləri tamamilə dayandırılıb. Əldə etdiyimiz məlumata əsasən, köçürülməyən ailələr əsasən təklif olunan kompensasiya məbləğindən narazıdırlar. Onlar bildirirlər ki, verilən məbləğ evlərinin yerləşdiyi ərazidə və ya ümumiyyətlə Bakıda yeni mənzil almağa yetərli deyil.

Fotoreportaj zamanı müşahidə etdik ki, evlərin cəmi bir neçə metrliyindən həm yük, həm də sərnişin qatarları keçir. Ən narahatedici məqam isə budur ki, dəmir yolu ilə evlər arasında heç bir qoruyucu hasar və təhlükəsizlik zolağı yoxdur. Uşaqlar tez-tez relslərə yaxın ərazilərdə oynayır, bu isə həm uşaqlar, həm də böyüklər üçün ciddi təhlükə yaradır.

Sakinlər həm də qeyd edirlər ki, son illər ərzində rəsmi qurumlarla danışıqlar aparılsa da, hər hansı konkret nəticə əldə olunmayıb. Onların sözlərinə görə, ərazi ilə bağlı planlar qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, “Şanxay” adlanan bu ərazidə söküntü və köçürülmə prosesi 2017-ci ildə başlayıb. Əhalinin böyük bir hissəsi həmin vaxt kompensasiya əsasında köçürülüb. Lakin ərazidə hələ də yaşayan ailələr talelərinin necə həll olunacağını gözləyirlər.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing