Bakının Nəsimi rayonunda piyadalar üçün təhlükəli vəziyyət yaranıb.
Yurd.Media xəbər verir ki, Nəsimi rayonu, R. Behbudov küçəsində səkinin üzərində bir neçə yerdə piyadaların yolunun üstündə dəmir maneələr var. Günün qaranlıq vaxtı həmin ərazidə işıqlandırma zəif olduğundan, piyadalar üçün ikiqat təhlükə yaranır. Xüsusilə də həmin ərazi yaşlılar və uşaqlar üçün təhlükəli yerə çevrilib.
Araşdırma zamanı məlum olub ki, nəqliyyat vasitələrinin piyada səkilərini zəbt etməməsi və piyadaların təhlükəsizliyi üçün həmin yerdə tumbalar quraşdırılıb. Lakin bir müddət əvvəl tumbalar oğurlanıb və onları yerə bərkitmək üçün olan dəmir dirəklər təhlükəli vəziyyətdə qalıb.
Piyadaların həyatı üçün yaranan təhlükə ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "ATV Xəbər"ə bildirilib ki, bu qurğuların yerləşdiyi ərazilərə baxış zamanı əksər tumbaların, xüsusilə də onların metal başlıqlarının oğurlanması faktları aşkarlanır. Bəziləri isə yol-nəqliyyat hadisələri zamanı yararsız hala düşür: "Zədələnən tumbaların sayı müəyyən edilir, ərazidən götürülür və mərhələli qaydada təmir olunur".