Paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsində "Çinarlı Park" yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işlərinə görə keçiddən istifadə müvəqqəti olaraq dayandırılıb.
Yurd.Media xəbər verir ki, sakinlər keçiddən ötən il noyabrın 27-dən istifadə edə bilmirlər və nə vaxt açılacağı hələlik məlum deyil. Ərazidə əsas yola, avtobus dayanacağına və metroya getmək üçün nəzərdə tutulmuş yol isə təhlükəli vəziyyətdədir.
Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, tikinti işləri başa çatanadək piyada keçidinin müvəqqəti istifadəyə verilməsi, təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidi yaradılması və ya avtobusların bu ünvandan keçməsi daha məqsədəuyğun olardı.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşasına hazırlanır. Layihə çərçivəsində "Çinarlı Park" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin söküntüsü aparılır. İşlərin bu ilin sonunadək tamamlanması planlaşdırılır.