SÜJET
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yurd.Media President.az-a istinadən xəbər verir ki, Azərbaycanda qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumu artırılıb.
Dəyişikliyə əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumunun məbləği 1 100 manatdan 2 500 manata çatdırılıb.
"Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliyə görə, lisenziyalaşdırma subyektləri dedikdə lisenziya və icazə verən orqanlar, lisenziya və icazə verilməsinə rəy (razılıq) verən aidiyyəti dövlət orqanları, müəssisələri və lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar nəzərdə tutulur.
Bundan başqa, lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləri tərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən (lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.
Qeyd edilib ki, bu Qanun qüvvəyə mindiyi tarixədək yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarı ilə məşğul olan şəxslər həmin obyektlərin istismarı ilə məşğul olmaq üçün bu Qanun qüvvəyə mindikdən sonra üç ay müddətində lisenziya (icazə) almalı, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.
Bununla yanaşı, dövlət başçısı "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.