SÜJET
Azərbaycanda son illərdə diqqətçəkən sosial trendlərdən biri – gənc qadınlarla yaşlı kişilər arasında bağlanan nikahların artmasıdır. Xüsusilə də 18–29 yaşlı qadınların 60 və daha yuxarı yaşlı kişilərlə rəsmi şəkildə ailə qurması artıq nadir hal sayılmır.
Bu hallar cəmiyyətin müxtəlif təbəqələrində və sosial şəbəkələrdə birmənalı qarşılanmasa da, mövzunun kökündə dayanan səbəblər daha ciddi və çoxşaxəlidir.
Rəsmi məlumatlara əsasən, son üç ildə 18–29 yaş arasında olan altı qadın, 60 yaşdan yuxarı kişilərlə nikah qeydiyyatından keçib. Bu yalnız dövlət qurumlarına təqdim edilən məlumatları əhatə edir. Sosial tədqiqatçıların və qeyri-hökumət təşkilatlarının apardığı araşdırmalara görə, son üç il ərzində 60-70 min gənc qadın yaşca xeyli böyük olan şəxslərlə ailə həyatı qurmağa məcbur edilib və ya bu istiqamətə yönəldilib.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva YurdMedia-ya bildirib ki, bu tip nikahlar əsasən psixoloji və sosial səbəblərlə, eyni zamanda yetərli təhsil və həyat imkanlarının çatışmazlığı ilə əlaqədardır.
Ekspert bildirir ki, bu münasibətlərin çoxu qadınların azad seçimi ilə deyil, ailə və cəmiyyətin yaratdığı dolaylı təzyiqlə formalaşır:
“Hazırda yaşadığımız dövrdə, 18–19 yaş aralığında olan on minlərlə gənc qız özlərindən xeyli böyük yaşda olan kişilərlə ailə qurmaq məcburiyyətində qalır. Bu, uşaqlıq travmaları, psixoloji gərginlik və ailə içi yönləndirmələrlə izah edilə bilər. Eyni zamanda, təhsil imkanlarının məhdudluğu da onların seçim azadlığını daraldır”.
N. Mirzəyevanın sözlərinə görə, belə evliliklərdə qızlar çox zaman “evdə qalmış” damğasından qorxaraq, sosial basqıdan qaçmaq üçün ailə qurmağa razı olurlar. Bu isə onları düşünülməmiş və bəzən də özlərinə zidd qərarlar verməyə məcbur edir:
“Cəmiyyətdə gənc yaşda ailə qurmayan qadınlar hələ də qeyri-rəsmi şəkildə etiketlənir. Bu vəziyyət onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bəziləri sadəcə bu yükdən qurtulmaq üçün ailə qurur, bəziləri isə yaşlı, lakin maliyyə baxımından daha imkanlı şəxslərlə evlənməyə yönəlir”.
Psixoloqun fikrincə, belə nikahlar uzunmüddətli xoşbəxtlik gətirmir. Aradakı yaş, düşüncə tərzi, fiziki və emosional fərqlər zamanla daha da dərinləşir və qadınlar özlərini bu münasibət içində yad hiss etməyə başlayırlar:
“Yaşı çox olan həyat yoldaşı daha sakit və oturuşmuş həyat tərzini seçir, gənc qadın isə hələ sosial həyata inteqrasiya mərhələsindədir. Bu isə münasibətlərin içində uçurumların yaranmasına səbəb olur”.
Mütəxəssis əlavə edir ki, belə münasibətlərdə qadınlar tez-tez depressiya, sosial təcrid və özünü ifadə edə bilməmək problemi ilə üzləşirlər. Əgər həyat yoldaşı yaş fərqinə əsaslanaraq ailədə hökmran mövqedə dayanmağa çalışırsa, bu daha da ağır emosional nəticələrə gətirib çıxarır:
“Bu ailələrdə qadınlar tez-tez daxilə qapanır, hisslərini bölüşə bilmir. Həm emosional, həm sosial, həm də valideynlik məsuliyyəti onların üzərinə düşür”.
Nabat Mirzəyeva hesab edir ki, bu evliliklərin səbəbi ilə yanaşı, onun nəticələri də ciddi şəkildə araşdırılmalı, qadınlara həm hüquqi, həm də psixoloji dəstək mexanizmləri gücləndirilməlidir:
“Əgər bu evliliklər psixoloji təzyiq, məcburiyyət və ya travmalar fonunda baş verirsə, bu, sonradan həm qadının, həm də ailənin rifahı üçün ciddi risklər yaradır. Belə hallarda mütləq peşəkar psixoloqlardan dəstək almaq tövsiyə olunur”.