SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycanda erkən nikah: hansı yaşda nə cəza gözləyir?

Azərbaycanda erkən nikah: hansı yaşda nə cəza gözləyir?

Azərbaycanda erkən nikah halları hələ də ciddi sosial və hüquqi problem olaraq qalır. Xüsusilə rayon və kənd ərazilərində azyaşlı qızların ailə qurmağa məcbur edilməsi halları geniş yayılıb. Valideynlərin övladlarını təhsilə deyil, erkən ailə qurmağa yönəltməsi bir çox hallarda həm hüquqi pozuntulara, həm də psixoloji travmalara səbəb olur.

Hüquqi çərçivə və cinayət məsuliyyəti

Vəkil Turan Abdullazadə Yurd.Media-ya açıqlamasında bildirib ki, erkən nikah və azyaşlılarla münasibət təkcə mənəvi deyil, həm də hüquqi məsuliyyət doğuran, cinayət xarakterli əməllərdir:

“Erkən nikah və ya azyaşlılarla münasibət sadəcə mənəvi deyil, hüquqi məsuliyyət doğuran cinayət xarakterli əməldir”, – deyə o vurğulayıb.

T. Abdullazadə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, 14–16 yaş arası şəxsə qarşı cinsi əlaqə və ya seksual xarakterli hərəkətə görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə cəzası nəzərdə tutulur.

Hüquqşünas vurğulayır ki, əgər zərərçəkən 12–14 yaş arasındadırsa, bu zaman cəza 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ola bilər. O qeyd edir ki, bu maddə yalnız tərəflər arasında yaş fərqi 2 ildən çox olduqda tətbiq edilir.

Vəkil Turan AbdullazadəVəkil Turan Abdullazadə

T. Abdullazadə qeyd edib ki, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən, qadını nikaha məcbur etməyə görə 2 000 – 3 000 manat məbləğində cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Əgər nikaha məcbur edilən şəxs nikah yaşına çatmayıbsa, cəza 3 000 – 4 000 manat cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə ola bilər.

Vəkil bildirir ki, Cinayət Məcəlləsinin 176-2-ci maddəsi isə 16 yaşına çatmayan şəxsin nikahının təşkilini cinayət hesab edir. Bu əməlin cəzası 2 000 - 3 000 manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmədir.

Turan Abdullazadə qeyd edir ki, cinayət məsuliyyəti xüsusilə yaş fərqi 5 ildən çox olduqda və nikah yetkinlik yaşına çatmayan şəxsə məcburiyyətlə bağlandıqda daha da sərtləşdirilir.

Hüquqşünas xəbərdarlıq edir ki, bəzi hallarda tərəflər arasında yaş fərqinin az olması əsas gətirilərək məsuliyyətin yaranmayacağı düşünülür. Lakin qanun bu kimi halları da cinayət tərkibli sayır:

“Əgər yaş fərqi 2 ildən çoxdursa və ya münasibət zorakılıq xarakterlidirsə, bu artıq cinayət tərkiblidir”, – deyə Turan Abdullazadə vurğulayır.

Ailə Məcəlləsi: Razılıq prinsipi və nikah yaşı

Vəkil açıqlayıb ki, Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən, nikah yalnız könüllü razılıq əsasında bağlana bilər. Əgər bu razılıq zorla alınırsa və ya məcburiyyət halları mövcuddursa, belə nikah məhkəmə tərəfindən etibarsız hesab edilir.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda rəsmi nikah yaşı 18-dir. Lakin qanunvericilikdə müəyyən istisna hallar da nəzərdə tutulub. Məsələn, hamiləlik və ya sosial vəziyyət kimi hallar mövcud olduqda, yerli icra hakimiyyətinin razılığı ilə 17 yaşında nikaha daxil olmaq mümkündür.


Cəmiyyətin rolu və məsuliyyəti

18 yaşına çatmış hər bir şəxs bilməlidir ki, 16 yaşdan aşağı şəxslə münasibət hüquqi baxımdan yolverilməzdir və mənəvi cəhətdən də qəbuledilməzdir.

Qeyd edək ki, erkən nikah təkcə fərdi ailə məsələsi deyil – bu, dövlətin qanunvericiliklə qadağan etdiyi, uşaqların hüquqlarına və gələcəyinə ciddi zərər vuran təhlükəli sosial praktikadır. Valideynlər, müəllimlər və icma üzvləri bu məsələdə daha məsuliyyətli davranmalı, hər bir azyaşlının hüquq və rifahını qorumağa çalışmalıdır.

Prime Leasing