Bu ilin 11 ayı ərzində Xaçmaz Reabilitasiya Mərkəzində 5 000-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.
Yurd.Media xəbər verir ki, bu barədə Mərkəzə təşkil olunan mediatur zamanı məlumat verilib.
Bildirilib ki, Xaçmaz Reabilitasiya Mərkəzi 14 çarpayılıq stasionar tutuma malikdir və burada vətəndaşlara, əlilliyi olan şəxslərə ambulator, stasionar, eyni zamanda telereabilitasiya, səyyar və icma əsaslı reabilitasiya xidmətləri təqdim olunur.
Eyni zamanda, Xaçmazla yanaşı, ölkənin müxtəlif regionlarında – Lənkəran, Şirvan, Yevlax, Naftalan, Qəbələ, Şəmkir və Şəki şəhərlərində də eyni tipli reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Cari ilin 11 ayı ərzində həmin mərkəzlərdə ümumilikdə 130 000-dən çox əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə əhatə olunub.
Bu mərkəzlərdə reabilitasiya xidmətlərinin effektivliyinin artırılması məqsədilə kompleks yanaşma tətbiq edilir. Ənənəvi reabilitasiya üsulları ilə yanaşı, beynəlxalq təcrübədə effektivliyi sübut olunmuş müasir və alternativ metodlardan da istifadə olunur. Bunlara yoqa terapiyası, art-terapiya, hipoterapiya (atla müalicə) və rəqs terapiyası kimi xidmətləri nümunə göstərmək olar.
Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən 1-i Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, 1-i ambulator reabilitasiya məntəqəsi – RehaPoint, 15-i isə reabilitasiya mərkəzidir.
Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə cari ildə yeni “RehaBus” nəqliyyat xətti istifadəyə verilmişdir. Bu xidmət çərçivəsində Gəncə və Şəmkir regionlarında yaşayan, nəqliyyat problemi olan əlilliyi olan şəxslər müəyyən edilmiş dayanacaqlardan götürülərək Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır. Reabilitasiya xidməti müddətində avtobus mərkəzdə gözləyir və xidmət başa çatdıqdan sonra vətəndaşların yenidən əvvəlki məntəqələrə təhlükəsiz şəkildə geri qaytarılması təmin edilir. Hazırda iki istiqamət üzrə RehaBus xətti fəaliyyət göstərir.
Qeyd edək ki, 2026-cı il üçün əsas hədəflər reabilitasiya xidmətlərinin əlçatanlığının daha da artırılması, beynəlxalq təcrübənin mütəmadi şəkildə araşdırılması və ən yaxşı təcrübələrin reabilitasiya mərkəzlərində tətbiqidir. Eyni zamanda, infrastrukturun təkmilləşdirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə növbəti ildə də ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.