Tibbi tullantılar mövzusu TƏBİB-in fəaliyyəti nəticəsində gündəmə gətirilən vacib istiqamətlərdən biridir.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakıda 2025-ci ilin yekunlarına və qarşıdakı dövr üçün planlara həsr olunmuş brifinqdə Yurd.Media-nın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, TƏBİB-in fəaliyyətə başlamasından əvvəl tibb müəssisələrində tibbi tullantıların idarə olunması ilə bağlı sistemli yanaşma mövcud olmayıb:
“TƏBİB-ə qədər tibbi tullantı anlayışı həkimlər və tibb işçiləri üçün demək olar ki, yad idi. Bu sahədə nə standartlar, nə də vahid mexanizm mövcud idi”.
Vüqar Qurbanov qeyd edib ki, tibbi tullantıların toplanması və məhv edilməsi olduqca qəliz və məsuliyyətli prosesdir. Hazırda TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində tibbi tullantıların çeşidlənməsi üçün xüsusi qutular ayrılıb.
İcraçı direktorun sözlərinə görə, tullantıların daşınması və utilizasiyası tender yolu ilə seçilən şirkətlər vasitəsilə həyata keçirilir:
“Tenderlərdə qalib gələn utilizasiya və logistika şirkətləri mütləq şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq lisenziyası ilə təmin olunmalıdır. Bu, həm ekoloji təhlükəsizliyin, həm də sanitariya normalarının qorunması baxımından vacibdir”.
Qeyd olunub ki, tibbi tullantıların düzgün idarə olunması ətraf mühitin mühafizəsi, ictimai sağlamlığın qorunması və epidemioloji risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır və TƏBİB bu istiqamətdə nəzarət mexanizmlərini davamlı şəkildə gücləndirir.