London Universitet Kollecinin (UCL) mətbuat xidməti açıqlayıb ki, şizofreniya diaqnozu yaşlılıq dövründə demensiya inkişafı riskini təqribən 2,5 dəfə yüksəldir.
Yurd.Media xarici mətbuata istinadən məlumat verir ki, araşdırma müəllifləri doqquz müxtəlif ölkədə 13 milyon könüllünün cəlb edildiyi müşahidələrin nəticələrini dəyərləndirərək, şizofreniyanın demensiya yaranması üçün ən ciddi risk faktorlarından biri olduğunu aşkar ediblər.
Tədqiqatda iştirak edənlərin az, lakin önəmli bir qismini şizofreniya xəstəsi olan şəxslər təşkil edirdi ki, bu da mütəxəssislərə həmin psixi pozğunluğun, həmçinin bir sıra başqa xəstəliklərin qocalıq dövründə demensiya inkişaf ehtimalına hansı şəkildə təsir göstərdiyini araşdırmağa şərait yaratdı. Alimlər şizofreniya diaqnozu qoyulmuş könüllülər ilə hər hansı psixi pozğunluqdan əziyyət çəkməyən insanlar arasında idrak aydınlığı və yaddaş problemlərinin meydana gəlmə tezliyini qarşılaşdırıblar.
Orta göstəricilərə əsasən, bütün mümkün əlavə amillər hesaba alındıqda, şizofreniya xəstəliyindən əziyyət çəkən şəxslərdə irəli yaş dövründə demensiya tədqiqatın digər iştirakçıları ilə müqayisədə təxminən 2,5 dəfə daha çox müşahidə olunub. Eyni zamanda, digər psixiatrik pozğunluqlar da demensiya yaranma riskini artırır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünya üzrə demensiyadan əziyyət çəkən 55 milyon insan mövcuddur. Ən geniş yayılmış səbəblərdən birini isə Alzheimer xəstəliyi təşkil edir.