Qırmızı acı bibərdəki kapsaisin maddəsi xərçəng hüceyrələrini məhv edir.
Yurd.Media xəbər verir ki, bu iddia İngiltərənin Nottinqam Universitetinin apardığı elmi tədqiqat nəticəsində ortaya çıxıb.
Xalapeno bibərində (qırmızı acı bibər, xüsusilə Meksika mətbəxində geniş şəkildə istifadə edilir) mövcud olan "kapsaisin" maddəsi hüceyrələrin enerji hasil edən hissəsi olan mitoxondriyə təsir göstərərək xərçəng hüceyrələrinin məhvinə yol açır.
Tədqiqata əsasən, kapsaisindəki molekul ailəsi olan vaniloidlər xərçəng hüceyrələrində protein əmələ gəlməsinin qarşısını alır. Bu proses nəticəsində hüceyrə ölümü baş verir. Vaniloidlər bu müddətdə sağlam hüceyrələrə heç bir ziyan vurmur.
Antioksidant xüsusiyyətli qırmızı acı bibər eyni zamanda xərçəngin qarşısını alan "likopen" maddəsi baxımından da zəngindir. Mədəsində problemi olmayan hər bir insanın bu bitkidən mütləq faydalanması tövsiyə olunur.
Hind və Meksika mətbəxində tez-tez istifadə olunan qırmızı acı bibərin pul bibərdən müəyyən fərqləri mövcuddur. Qırmızı bibər qurudulma prosesində günəş şüaları altında digərinə nisbətən daha uzun müddət saxlanılır. Pul bibər kimi acı və yandırıcı dadı yoxdur. Qurutma prosesindəki bu fərqlilik pul bibərin rənginin daha tünd olmasına səbəb olur.
Acı bibərin tərkibində A və C vitamini ilə yanaşı, dəmir, kalium, maqnezium, fosfor, kalsium və natrium kimi vacib minerallar da var.
Tərkibindəki "kapsaisin" maddəsi mədə və bağırsaqların fəaliyyətini sürətləndirir. Ödəm atır və yağ yandırma prosesinə dəstək verir. Keyidici xüsusiyyəti mövcuddur. Xolesterol və triqliserid səviyyəsini aşağı salır.