SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
TƏBİB: 2025-ci ildə uşaq ölümləri 30% azalıb

TƏBİB: 2025-ci ildə uşaq ölümləri 30% azalıb

2025-ci ilin yanvar–noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə artıb.

Yurd.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunları və gələcək planlara dair” keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə 5 milyon 164 min 745 nəfər tibb müəssisələrinə müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artım deməkdir:

 “Ümumi müraciətlərin sayı 5%, stasionar xidmətlər 6%, ambulator xidmətlər isə 14% artıb. Ümumilikdə 85 milyon 637 min 469 tibbi xidmət göstərilib ki, bu da əvvəlki illə müqayisədə 13% artım deməkdir. Cari ildə 342 min 195 cərrahi əməliyyat və prosedur icra olunub”.

Doğuşlar, qeysəriyyə əməliyyatları və ana-uşaq sağlamlığı

İcraçı direktor qeyd edib ki, normal doğuşların sayı 27 679 olub və bu göstərici 11% artım təşkil edir. Qeysəriyyə əməliyyatlarının sayı isə 26 285 olub və ötən ilə nisbətən 9% azalıb. Qeysəriyyə əməliyyatlarının ümumi əmsalı 49% təşkil edib.

2025-ci ildə ana ölümü sayı 22 olub, 101 kritik ağır halın isə vaxtında tibbi müdaxilə nəticəsində qarşısı alınıb.

Uşaq ölümlərinin sayı isə 30% azalaraq 751 nəfər təşkil edib.

İnfrastruktur və avadanlıq təminatı

V.Qurbanov bildirib ki, hazırda Nərimanov Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Respublika Klinik Xəstəxanasında əsaslı yenidənqurma işləri davam edir. Bununla yanaşı, bölgələrdə modul tipli tibb məntəqələrinin quraşdırılması həyata keçirilir.

2025-ci ildə tibb müəssisələri üçün 2 449 ədəd tibbi avadanlıq və cihaz satın alınıb. Avadanlıqların ümumi dəyəri təxminən 32 milyon manat təşkil edib.

Laboratoriyalar və innovativ xidmətlər

İcraçı direktorun sözlərinə görə, hazırda 5 tibb müəssisəsində PZR laboratoriyaları fəaliyyət göstərir. Ölkədə ilk dəfə Autoimmun laboratoriyası yaradılıb. Laborator xidmətlər üzrə 36 milyondan çox analiz aparılıb ki, bu da 19% artım deməkdir.

Xroniki xəstəliklər üzrə dövlət proqramları

Brifinqdə bildirilib ki:

1 772 hemofiliyalı xəstə innovativ dərmanlarla təmin olunur;

2 707 dağınıq skleroz xəstəsi yeni nəsil preparatlarla müalicə edilir;

77 kistoz fibroz xəstəsinin dərman təminatı artıq ərazi poliklinikaları vasitəsilə həyata keçirilir;

849 ixtioz və 103 bullyoz epidermoliz xəstəsi icbari tibbi sığorta hesabına dərman və sarğı materialları ilə təmin edilir;

343 mindən çox şəkərli diabet xəstəsi dərman və tibbi vasitələrlə təmin olunur, 1300 uşaq davamlı qlükoza monitorinq sistemi ilə əhatə edilib.

Vərəm və hemodializ xidmətləri

2025-ci ilin 11 ayı ərzində 3 522 vərəmli xəstə dispanser qeydiyyatına alınıb. Vərəm əleyhinə mübarizə məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi təsis edilib.

Xroniki böyrək çatışmazlığı üzrə isə 4 337 xəstə qeydiyyatdadır. Ölkə üzrə 46 hemodializ şöbəsində 675 aparat fəaliyyət göstərir və il ərzində 503 892 hemodializ seansı icra olunub. Gələn il yeni hemodializ şöbələrinin açılması planlaşdırılır.

İcbari tibbi sığorta və keyfiyyət standartları

2025-ci ilin 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 73,9 milyon tibbi xidmət icra olunub. Xidmətlərin sayı 17%, maliyyə həcmi isə 7% artıb.

V.Qurbanov qeyd edib ki, Xidmətlər Zərfinə daxil olan 6 171 tibbi xidmət və diaqnozun 99%-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunur. Qısa müddətdə bir neçə dövlət tibb müəssisəsinin ISO sertifikatları alması planlaşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları