İtaliyanın Kalabriya Universitetində çalışan tədqiqatçılar aşkar ediblər ki, kurkumin əsaslı nanohissəciklər siçanlarda neyrodegenerativ pozğunluqların (Alzheymer və Parkinson xəstəlikləri) əlamətlərini yüngülləşdirmə qabiliyyətinə malikdir.
Kurkumin sarıkök bitkisinin tərkibinə daxil olan aktiv komponent və qida əlavəsi kimi istifadə olunan maddədir. Bu birləşmə geniş spektrli bioloji xassələrə sahibdir – antiinflamatuar, antioksidant, antiproliferativ, antitümör, immunomodulyator, antimikrob, antidiyabetik və neyroprotektiv təsirlər bunlara daxildir.
Yurd.Media xəbər verir ki, aparılan araşdırmanın çərçivəsində mütəxəssislər siçanlara kurkumin nanohissəcikləri ilə zənginləşdirilmiş kapsullar təqdim ediblər. Nanohissəciklər diametri bir ilə 100 nanometr (nm) arasında dəyişən bərk maddə zərrəcikləridir. Müxtəlif qida əlavələrində nanohissəciklərin əsas üstünlüyü onların sürətli mənimsənilməsi və yüksək bioəlçatanlıq (bioavailability) göstərməsidir. Bu da o deməkdir ki, nanohissəcik formasında daha çox miqdarda fəal maddə əldə ediləcək və orqanizm tərəfindən səmərəli şəkildə mənimsəniləcək.
Təcrübənin yekun nəticələri ortaya qoydu ki, kurkumin iltihabı azaldır, neyrogenez prosesini stimullaşdırır və Alzheymer xəstəliyinə tutulmuş siçanların beyin toxumalarında düzgün yığılmamış zülalların formalaşmasının qarşısını alır. Bundan başqa, kurkumin nanohissəciklərinin balıq yağı və serum albumini ilə birgə tətbiqi oksidləşdirici stressi aşağı salır və Parkinson xəstəliyində neyron funksiya pozğunluğunun inkişafını əngəlləyir.