Füzulidə yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Yavər Tapdıq oğlu Qurbanovna məxsus 10-FS-804 dövlət qeydiyyat nişanlı QAZ-3102 markalı avtomobilə baxış keçirib.
Bildirilib ki, yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi çəkisi 120 kq istehlaka yararsız iribuynuzlu heyvan əti aşkarlanıb. Ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.
Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.
Araşdırmalar davam etdirilir.