Alimlər tədqiqatlar nəticəsində müəyyən ediblər ki, həddindən artıq şirniyyat qəbulu depressiya yarada bilər.
Yurd.Media xəbər verir ki, İngiltərədə həyata keçirilən yeni tədqiqat şirniyyata meyl edənləri ciddi şəkildə narahat edəcək.
Aparılan elmi iş şirniyyata həvəsi olan insanların psixi sağlamlığının risk altında olduğunu ortaya qoyub.
"Journal of Translational Medicine" jurnalında dərc edilən tədqiqatda İngiltərə Biobankından əldə olunan 180 min nəfərin sağlamlıq və qidalanma göstəriciləri təhlil olunub.
Tədqiqat heyəti süni intellektdən yararlanaraq iştirakçıları üç əsas kateqoriyaya bölüb: əsasən meyvə və tərəvəz qəbul edənlər, müxtəlif növ qidalardan istifadə edənlər və daha çox şəkərli yeməklərə üstünlük verənlər.
İştirakçıların qan nümunələri əsasında aparılan təhlillərdə 2923 zülalın və 168 metabolitin orqanizmə təsiri öyrənilib.
Əldə olunan nəticələrə əsasən, şəkərli qidalarla qidanlanan şəxslərdə depressiya riski sağlam qidalanma rejiminə əməl edənlərə nisbətən 31 faiz daha çox olub.
Bu kateqoriyada diabet və ürək-damar xəstəlikləri riski də nəzərəçarpacaq dərəcədə artıq olub. Hər növ qidadan istifadə edən iştirakçılarda isə sağlamlıq riskləri orta həddə qeydə alınıb.
Tədqiqat xüsusilə emal olunmuş şəkərin psixi sağlamlıq üçün zərərli nəticələr doğurduğunu nümayiş etdirib.