SÜJET
Fiziki aktivlik hər zaman insanın daha gümrah və sağlam qalmasında önəmli rol oynayır. Aktivlik üçün idmanın həyatımızdakı rolu danılmazdır. Bununla yanaşı, idmanı sevməyən, hətta yürüyüş belə etməkdən imtina edən insanlar kifayət qədərdir.
Bəs idman etməyən insanlar bədənlərini formada saxlamaq üçün hansı gündəlik məşqləri etməlidirlər?
“Hərəkətsiz həyat tərzi sağlamlıq üçün çox zərərlidir. Lakin hər kəsin idman etməyə vaxtı və ya imkanı olmur. İdmanla məşğul olmayan insanlar da gündəlik həyatlarına sadə hərəkətlər əlavə edərək aktiv qala bilərlər. Bunun üçün gündəlik həyatda kiçik dəyişikliklərlə, daha çox hərəkət etmək mümkündür”.
Yurd.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Valid Novruzov deyib. O, idman sevməyənlər üçün aktivliyi saxlamağın qaydalarını da açıqlayıb:
“Məsələn, lift əvəzinə pilləkənlərdən istifadə, işdə hər saat ayağa qalxıb hərəkət etmək, qısa məsafələrə avtomobil və ya ictimai nəqliyyatla getmək əvəzinə piyada getmək bu baxımdan faydalıdır. Ev işləri görmək, bağçılıqla məşğul olmaq və ya hətta musiqi ilə hərəkət etmək belə bədəni aktiv saxlaya bilər. Bundan əlavə, televiziya izləyərkən, sadə hərəkətlər də sağlamlığa müsbət təsir edə bilər”.
travmatoloq-ortoped hərəkətdə olmağın insan həyatı üçün önəmini də vurğuladı:
“Hərəkət azaldıqca bədən süstləşir və müxtəlif sağlamlıq problemləri ortaya çıxır. Buna görə də, idman etməsəniz belə, gündəlik həyatınızda kiçik hərəkətləri artırmaq vacibdir.
Fiziki aktivlik sağlam həyatın ayrılmaz bir hissəsidir. Sağlam və enerjili həyat sürmək üçün hərəkət etməyi vərdiş halına gətirmək vacibdir. Bunun üçün ağır məşqlərə ehtiyac yoxdur. İnsan istər peşəkar idmançı olsun, istərsə də sadəcə sağlam qalmaq üçün hərəkət etməsi tövsiyə. Vacib olan bədəni passiv saxlamamaqdır. Hər kəs öz bədəninə uyğun fəaliyyət növünü seçməli və bunu vərdiş halına gətirməlidir.
Bilmək vacibdir ki, sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır”,- deyə Valid Novruzov bildirib.