Enerji içkilərinin istifadəsini fiziki gərginliklə heç bir halda birləşdirmək tövsiyə olunmur, belə ki, bu vəziyyətdə ürəyə ciddi yük düşür.
Yurd.Media xəbər verir ki, bu xəbərdarlığı rusiyalı qastroenteroloq mütəxəssislər bildirib.
Eyni zamanda, enerji içkilərini qəhvə, yaşıl və ya qara çayla birlikdə qəbul etmək də yolverilməzdir – həddən artıq kofein ürəklə bağlı problemlərə səbəb ola bilər. Hamiləlik və əmizdirmə dövründə də bu içkilərdən uzaq durmaq lazımdır. Nəzərə almaq vacibdir ki, enerji içkisini qəbul etdikdən sonra bədənə istirahət verib yuxu almaq lazımdır.
"Enerji içkisi əlavə qüvvə vermir, əksinə, orqanizmin öz enerji ehtiyatlarını tükəndirir" – deyə həkimlər vurğulayıb.
Buna görə də həftədə iki və ya üç dəfədən artıq olmamaq şərtilə enerji içkisi istifadə etmək olar, lakin bundan sonra bədənə ehtiyatlarını bərpa etməsi üçün vaxt ayrılmalıdır.
"Enerji içkiləri ürək döyüntülərinin sürətlənməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb olur. İstifadə olunan enerji içkisinin həcmindən asılı olaraq bu təsir daha da güclənir. Enerji içkilərinin qəbulu fonunda miokard infarktı hallarının baş verdiyi məlumdur, buna görə də ürək-damar sistemi xəstəlikləri olan şəxslər üçün bu, qəti əks göstərişdir. Bundan əlavə, kofeinin müntəzəm qəbulu su-duz balansının pozulmasına gətirib çıxarır ki, bu da sidik ifrazının artmasına və orqanizm üçün zəruri olan duzların xaric olmasına yol açır", – deyə mütəxəssislər bildrir.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+ Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.