SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Həkimlər: Enerji içkiləri enerji vermir, bədəni öz ehtiyatını xərcləməyə məcbur edir

Həkimlər: Enerji içkiləri enerji vermir, bədəni öz ehtiyatını xərcləməyə məcbur edir

  • 13 iyun 2026, 17:42

Həkimlər enerji içkilərinin düşündüyümüz kimi orqanizmə real enerji qazandırmadığı qənaətindədir. Bu içkilər sadəcə bədənin mövcud ehtiyat enerjisini daha sürətlə istifadə etməsinə səbəb olur və nəticədə süni gümrahlıq yaradır.

Yurd.Media-nın məlumatına görə, mütəxəssislər bildirir ki, enerji içkilərinin tərkibində olan taurin maddəsi normalda orqanizmdə zülal sintezində iştirak edir və stress zamanı qanda azalıb sonradan bərpa olunur. Kənardan yüksək dozada qəbul edilən taurin isə hərəkət aktivliyini və sinir sisteminin fəaliyyətini həddindən artıq artırır.

Həkimlərin fikrincə, bu içkilərin digər əsas komponenti olan kofein də bədəndə təbii şəkildə müəyyən miqdarda istehsal olunur. Lakin xaricdən yüksək dozada qəbul edilən kofein sinir sistemini normadan artıq stimullaşdırır, orqanizmi süni şəkildə aktivləşdirir və yorğunluğu müvəqqəti gizlədir.

Qeyd olunur ki, enerji içkilərində olan yüksək karbohidrat tərkibli maddələr maddələr mübadiləsini sürətləndirir. Nəticədə orqanizm bu maddələri özü istehsal etməkdə “tənbəlləşir” və insan getdikcə daha çox enerji içkisinə ehtiyac duyur. Həkimlər bunu asılılıq mexanizmi kimi dəyərləndirirlər.

Mütəxəssislər xüsusi olaraq uşaqlarla bağlı risklərə diqqət çəkirlər. Enerji içkiləri qəbul edən uşaqlarda əsəbilik, hiperaktivlik, səbəbsiz aqressiya və axşam saatlarında sidikqaçırma halları daha tez-tez müşahidə olunur.

Həkimlər əlavə ediblər ki, enerji içkilərindən istifadə edən şəxslər bu vərdişi dayandırdıqda halsızlıq, əsəbilik, yorğunluq və iş qabiliyyətinin kəskin azalması ilə üzləşirlər. Bu da enerji içkilərinin bədəndə yaratdığı psixoloji və fizioloji asılılığın göstəricisi hesab olunur.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları