Nefroloq həkim Darya Sadovskaya aspirinin mütəmadi istifadəsinin infarkt və insult ehtimalını azalda biləcəyini, eyni zamanda ciddi ağırlaşmalara səbəb ola biləcəyini açıqlayıb.
Yurd.Media xəbər verir ki, o, bu məlumatı öz "Telegram" səhifəsində paylaşıb.
Mütəxəssisin bildirdiyinə görə, aspirin başlıca olaraq ürək-damar problemləri riski yüksək olan insanlara məsləhət görülür. Riskin qiymətləndirilməsi prosesində xəstənin yaşı, qan təzyiqi göstəriciləri, xolesterin miqdarı, daxili orqanlarda xroniki xəstəliklərin mövcudluğu və ya şəkərli diabetin olub-olmaması, həmçinin ürəklə bağlı şikayətlərin əlamətləri diqqətə alınır.
Sadovskaya həmçinin qeyd edib ki, xüsusilə 50 yaşını keçmiş, şəkərli diabetdən əziyyət çəkən və əlavə risk amili (yüksək təzyiq, tütün istifadəsi, ailədə genetik meyllilik) olan şəxslərə aspirin profilaktika məqsədilə təyin oluna bilər.
Bununla belə, həkim xəbərdarlıq edib ki, aspirini mütəxəssis göstərişi olmadan içmək qəbuledilməzdir. Bu preparatın daxili qanaxma — xüsusən mədə və bağırsaq nahiyəsində qanaxma riskini artırdığını vurğulayıb. "Əgər biz 1000 nəfərə aspirin təyin etsək, 5 il müddətində 6 infarkt və ya insultun qarşısını almaq mümkün olar, lakin 1-2 ağır qanaxma halı da baş verə bilər", — deyə o bildirmişdir.
Qeyd olunur ki, ürək-damar xəstəlikləri Rusiyada ölüm səbəbləri sırasında birinci sırada yer alır.