SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Mütəxəssis-genetik Azərbaycanda irsi xəstəliklərin riskini artıran faktorları açıqladı - MÜSAHİBƏ

Mütəxəssis-genetik Azərbaycanda irsi xəstəliklərin riskini artıran faktorları açıqladı - MÜSAHİBƏ

Azərbaycanlı gənc mütəxəssis və magistrant Şövkət Əliverdibəyli hazırda Türkiyənin Eskişehir Osmangazi Universitetində tibbi genetika üzrə təhsil alır. O, Yurd.Media-ya müsahibəsində həm təhsil yolu, həm də genetik tədqiqatların ölkəmizdəki vəziyyəti barədə fikirlərini bölüşüb.

Biologiyadan Tibbi Genetikaya uğur yolu

Şövkət Əliverdibəyli 2019–2023-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində biologiya ixtisası üzrə dövlət sifarişi ilə təhsil alıb. O, tələbəlik illərində gələcək planlarını axtarışda olduğunu bildirib:

“Dörd il ərzində düşünürdüm ki, gələcəyimi necə istiqamətləndirim. Müxtəlif ölkələrdə təhsil imkanlarını araşdırırdım. Əvvəl mikrobiologiya sahəsi maraqlı gəlsə də, sonda qərar verdim ki, magistr təhsilimi tibbi genetika üzrə davam etdirim. Bu sahənin böyük gələcək perspektivləri var və Azərbaycanda mütəxəssis çatışmazlığı hiss olunur.”

O, 2023-cü ildən Eskişehir Osmangazi Universitetində magistratura təhsilini davam etdirir və elmi fəaliyyətlə məşğuldur.

Gənc mütəxəssis Azərbaycanda Tibbi Genetikanın vəziyyəti və ölkələrarası fərqi belə izah edib:

“Türkiyədə genetik analizlər çox aktiv aparılır. Diaqnozlar multidissiplinar yanaşma ilə qoyulur – həkimlər bir araya gələrək pasiyentin vəziyyətini müzakirə edirlər. Azərbaycanda isə genetikaya çox vaxt yalnız son mərhələdə müraciət olunur. Məsələn, hamiləliyin dördüncü ayına qədər təkrarlanan düşüklər müşahidə olunarsa, bu genetik məsləhət üçün ciddi göstərişdir. Təəssüf ki, bu praktika bizdə hələ tam oturuşmayıb.”

Şövkət Əliverdibəylinin BDU-da keçirdiyi elmi seminar uşaqlarda diqqət əksikliyi və hiperaktivlik sindromuna həsr olunub:

“Bu sindrom irsi və psixososial faktorlarla əlaqəlidir. Ailədaxili münaqişələr, stres və depressiya uşağın davranışına təsir edir. Valideynlər ‘uşaqdır, keçər’ yanaşması ilə məsələni yüngül saymasınlar. Vaxtında qoyulan düzgün diaqnoz uşağın gələcək həyat keyfiyyətini tam dəyişə bilər”.

Şövkət Əliverdibəyli qohum nikahlarının təhlükələrinə də toxunub:

“Qohum evlilikləri qanunla qadağan edilsə də, hələ də qeyri-rəsmi hallara rast gəlinir. Bu, genetik xəstəliklərin daşıyıcılıq riskini xeyli artırır. Sağlam gələcək nəsil üçün nikah öncəsi genetik analizlər mütləq aparılmalıdır”.

Azərbaycanın ən geniş yayılmış irsi xəstəlikləri 

Onun sözlərinə görə, bu gün Azərbaycanda əsasən talassemiya daşıyıcıları, hemofiliya və digər hematoloji xəstəliklər, səbəbi bilinməyən sonsuzluq halları və onkoloji xəstəliklər daha çox müşahidə olunur:

“Əsas problem vaxtında və düzgün diaqnozun qoyulmamasıdır. Türkiyədə onkoloji xəstələrdə genetik analizlər profilaktik olaraq aparılır, Azərbaycanda isə çox zaman gecikmiş mərhələdə müraciət olunur. Halbuki, düzgün genetik test və hədəfli müalicə xəstənin həyat keyfiyyətini xeyli yaxşılaşdıra bilər.”

Söhbətin sonunda gənc mütəxəssis həmyaşıdlarına da çağırış etdi:

“Həyatda ən önəmli seçim ixtisasdır. İnsan xoşbəxt olduğu işlə məşğul olanda yorulmur. Mənim üçün genetika elə bir sahədir ki, çətinlikləri olsa da, mükafatı daha böyükdür. Gənclər ailə həyatı qurarkən və ya uşaq sahibi olmağı planlaşdırarkən genetik panelləri mütləq yoxlatdırmalıdırlar. Bu, sağlam nəslin təminatıdır”.

Şövkət Əliverdibəyli vurğulayıb ki, magistratura təhsilini başa vurduqdan sonra vətənə dönəcək və Azərbaycanda tibbi genetika sahəsinin inkişafına töhfə verməyə çalışacaq.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing