SÜJET
Xərçəng xəstəliyinin müalicəsi zamanı meydana gələn mənfi təsirləri fiziki məşqlər vasitəsilə azaldılması mümkündür. Bu nəticəyə indiyədək bu mövzuda aparılmış ən genişmiqyaslı elmi təhlillərdən biri ilə nail olunub.
Yurd.Media "TRT Haber"ə istinadən xəbər verir ki, Çin Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Şenqjinq Xəstəxanasının təşəbbüsü ilə həyata keçirilən tədqiqat çərçivəsində 2012–2024-cü illər arasında dərc olunmuş təsadüfi seçməli nəzarətli sınaqların məlumatları toplanaraq təhlil edilib. British Journal of Sports Medicine jurnalında dərc olunan bu icmalda 80 elmi məqalədən əldə edilmiş 485 müxtəlif nəticə təhlil olunub. Həmin nəticələrin hamısının orta və ya yüksək keyfiyyətli olduğu qeyd olunub.
Araşdırmanın nəticələrinə əsasən, aerobik və güc məşqləri, yüksək intensivli intervallı məşqlər, tai çi və yoqa kimi fiziki fəaliyyətlər xərçəng müalicəsi ilə əlaqədar meydana çıxan ürək və sinir zədələnməsi, kognitiv pozuntu (beyin dumanı) və tənəffüs çatışmazlığı kimi əlavə təsirləri nəzərəçarpacaq dərəcədə azalda bilir. Həmçinin qeyd olunub ki, fiziki məşqlər yalnız bədənin funksional vəziyyətini deyil, eyni zamanda psixoloji vəziyyəti də müsbət təsirləndirir.
Yuxu keyfiyyətinin yaxşılaşması, ümumi bədən funksiyalarının artması, sosial ünsiyyət səviyyəsinin yüksəlməsi və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunub. Bundan əlavə, fiziki fəaliyyətin insulin səviyyəsi, insulinə bənzər böyümə faktoru və C-reaktiv zülal kimi mühüm bioloji göstəricilər üzərində də müsbət təsirlər yaratdığı vurğulanıb.
Tədqiqatçılar əldə olunan nəticələri belə ümumiləşdiriblər:
"Bu tədqiqat, fiziki məşqlərin xərçəng müalicə protokollarına daxil edilməsinin effektivliyini bir daha təsdiqləyir. Orta və yüksək səviyyədə etibarlı sübutlar göstərir ki, fiziki fəaliyyət müalicə ilə əlaqədar mənfi təsirləri azaldır, bədən quruluşunu və bioloji göstəriciləri yaxşılaşdırır, eləcə də həyat keyfiyyətini yüksəldir".
Araşdırmada iştirak etməyən, lakin nəticələri şərh edən Böyük Britaniya Xərçəng Araşdırmaları Fondunun mütəxəssis tibb bacısı Selin Doherti isə bu fikirləri səsləndirib:
"Bu araşdırma, fiziki məşqlərin xərçəng müalicəsinin əlavə təsirlərini azaltmaq və uzunmüddətli sağlamlıq nəticələrini yaxşılaşdırmaq baxımından faydalı olduğuna dair sübutları daha da gücləndirir. Lakin nəzərə almaq lazımdır ki, xəstələr diaqnoz aldıqdan sonra olduqca çətin bir dövr keçirirlər. Bu müddətdə həyat tərzi dəyişikliyi etmək çətin ola bilər. Ən vacib məqam isə hər kəsin öz imkan və tempi ilə hərəkət etməsi və özünə uyğun fəaliyyət növünü seçməsidir".
Doherti əlavə edib ki, fiziki fəaliyyətlə bağlı dəstəyə ehtiyac duyan xəstələr, bu barədə öz onkoloji müalicə komandalarına müraciət etməlidirlər.