SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi

Qeyri-sabit hava

Qeyri-sabit hava

Son həftələr Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

 

İntensiv yağıntılar  çaylarda sululuğun artmasına, Böyük və Kiçik Qafqazın dağ çaylarından sel keçməsinə səbəb olub.

 

Nəticədə bir sıra bölgələrdə infrastruktura ciddi ziyan dəyib. Yağış, dolu və anomal soyuqlar kənd təsərrüfatı sahəsinə də zərər vurub.

07 may 2025 | 15:02

Şimal bölgəsində sel təhlükəsi: Bir ailə çadıra köçürülüb

Yağan intensiv yağışlar nəticəsində şimal bölgəsində, xüsusilə Quba və Xaçmaz rayonlarında çaylarda suyun səviyyəsi kəskin artıb.

Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, Qubada Qaraçay Qudyal və Vəlvələ çaylarının yataqları genişlənərək ətrafdakı evlər və təsərrüfat sahələri üçün sel təhlükəsi yaradıb.

Qubanın bəzi kəndlərində nəqliyyatın hərəkətində problemlər müşahidə olunur. Artıq Qaraçay körpüsündə təmir-bərpa işlərinə bitib və istifadəyə verilib.

Xaçmaz rayonunun Xaspoladoba kəndində də oxşar vəziyyət yaşanır. Avtomobil körpüsünün qəzalı vəziyyətə düşməsi nəticəsində yeddi kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Əraziyə Fövqəladə Hallar Komissiyası baxış keçirib, bir ailə müvəqqəti olaraq çadıra köçürülüb, çayın istiqaməti dəyişdirilib. Qabaqlayıcı tədbirlər çərçivəsində ərazilərə texnika cəlb olunub, çay məcraları təmizlənib və mövcud infrastruktura nəzarət gücləndirilib.

07 may 2025 | 14:47

Sabahın HAVASI: Leysan, şimşək, dolu

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 23-28° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

07 may 2025 | 14:06

Regionlarda yağıntılarla bağlı mövcud vəziyyət

Respublika ərazisində güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. Ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr, əsasən, yaz-yay aylarında müşahidə olunur.

Yurd.Media xəbər verir ki, Hacıqabul rayonunda yağan intensiv yağışlar nəticəsində Udullu kəndi, Muğan qəsəbəsi və digər ərazilərdə həyətyanı sahələrdə müvəqqəti subasma qeydə alınıb. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Ərazilərə cəlb olunmuş maşın-mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb. Çaylarda məcratənzimləmə işləri aparılıb, bəndlər möhkəmləndirilib və sahilbərkitmə tədbirləri görülüb.

Sel hadisəsinə dair vəziyyətin operativ qiymətləndirilməsi məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbəri gecə saatlarında əraziyə baxış keçirib. Udullu kəndindəki süni göldə su səviyyəsinin yüksəlməsi səbəbi ilə yaxınlıqdakı yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yol infrastrukturu və digər obyektlərdə subasma təhlükəsinin qarşısını almaq üçün zəruri tədbirlər görülüb. Ciddi təhlükə qeydə alınmayıb.

İsmayıllı rayonu ərazisindən keçən çaylardan da qısamüddətli sel keçib, lakin ciddi fəsad baş verməyib.

Hazırda da qabaqlayıcı tədbirlər davam etdirilir.

07 may 2025 | 13:41

Hacıqabulda güclü yağış üç kəndi təhlükədə saxlayıb - VİDEO

Hacıqabul rayonunda yağan güclü yağış nəticəsində dağlardan gələn sel suları üç kəndi ciddi təhlükə ilə üz-üzə qoyub.

Yurd.Media "İctimai TV"-yə istinadən xəbər verir ki, Arami dağından gələn sel suları Şorbaçı Birinci, İkinci Paşalı və Udulu kəndlərinin ərazilərinə dolub. Xüsusilə Udulu kəndi ərazisində dərələr daşaraq yaşayış evlərinə ziyan vurub.

Sakinlərin sözlərinə görə, həyətyanı sahələr tamamilə su altında qalıb, əkin sahələrinə də ciddi zərər dəyib. Hadisə yerinə aidiyyətip qurumların əməkdaşları cəlb olunub və vəziyyətin nəzarətə götürüldüyü bildirilib. Hazırda zərərin miqyası müəyyənləşdirilir, təxirəsalınmaz tədbirlər görülür.

06 may 2025 | 16:51

Rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti davam edir.

Bu barədə Yurd.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Şahbuz, Göygöl, Daşkəsən, Ağdam, Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Qubadlı, Füzuli, Xocalı, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Balakən, Xınalıq, Altıağac, Zaqatala, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Sabirabad, Lənkəran və Astarada arabir şimşək çaxır və leysan xarakterli yağış yağır.

Şahdağda isə qar yağması müşahidə olunur.

Gədəbəydə saat 14:42-14:45 radələrində diametri 4 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22, Aran rayonlarında 23, Naxçıvan MR-da 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

05 may 2025 | 19:35

"Hamımız ziyana işləyirik" - Fermerlər taxılçılıqda çətinlikdən şikayətlənir

Son günlər ölkə ərazisində, o cümlədən şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti taxılçılıq sahəsinə də mənfi təsir göstərib.

Güclü küləklə müşahidə olunan yağış inkişaf etməkdə olan taxıl sahəsini pis vəziyyətə salıb. Bu vəziyyət isə biçin zamanı məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.

Yurd.Media xəbər verir ki, Fermer Mustafa Sadıqov narazılığını Baku TV ilə bölüşüb.

"Keçən il doluya görə taxılımız məhv oldu. Bu il də leysan yağışları taxıl sahəsinə ziyan vurub. 10 hektar taxıl əkmişəm, 10 min manat maya qoymuşam. Taxılçılıq sahəsində vəziyyət çox gərgindir, hamımız ziyana işləyirik. Sığortanı harada və necə edəcəyimizi bilmirik", ‒ fermer söyləyib. Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirilib ki, əkin sahələrini aqrar sığorta vasitəsilə dolu, fırtına, qasırğa, sel suları, güclü leysan yağışları, donvurma kimi risklərdən qorumaq mümkündür: "Fermerləri təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq üçün onları sığortalamağa çağırırıq. Sığorta haqqı olduqca azdır. Fermerlər maliyyə çətinliyi yaşamadan təsərrüfatlarını sığortalaya bilərlər".

Ətraflı süjetdə:

05 may 2025 | 09:06

Qarabağda əkin edən bu şəxslər KOMPENSASİYA ALA BİLƏR

Ölkə ərazisində qeyri-sabit hava şəraiti bəzi kənd təsərrüfatı əkinlərinə mənfi təsir göstərir. Bu məsələ işğaldan azad olunmuş ərazilərə köçərək yeni əkinə başlayan əhalini daha çox düşündürür.

Milli Məclisin deputatı, parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ ilə bağlı Yurd.Media-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir:

“Azad olunmuş ərazilər əsasən dağlıq və çətin relyefə malikdir. Orada vaxtaşırı leysan yağışları və dolu müşahidə olunur. Təbii fəlakətlərin qarşısını almaq çətin olsa da, dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir”.

Komitə sədri qeyd edib ki, təsərrüfat sahibləri aqrar sığortaya qoşularsa, dövlət tərəfindən dəymiş ziyana görə kompensasiya ödəniləcək:

“Bu, artıq tətbiq olunur. Son illərdə əvvəl 14 bitki üzrə sığorta olunurdusa, bu gün artıq daha çox bitki növləri sığortaya cəlb edilib. Aqrar Sığorta Fondu tərəfindən bir çox bölgələrdə təbii fəlakətlərin yaratdığı fəsadlara görə zərərçəkənlərə vəsaitlər ödənilir. Selin, dolunun qarşısını tam almaq mümkün olmasa da, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir və əlavə mexanizmlər də nəzərdə tutulur”.

Deputat həmçinin vurğulayıb ki, torpaqların aqrotexniki qaydada becərilməsi, zooveterinar xidmətlərin təşkili, ziyanvericilərə qarşı mübarizə tədbirləri və dərmanlama işləri də aparılmalıdır:

“Bütün bu addımlar, ilk növbədə, əhalinin mənafeyinə xidmət edir”.

03 may 2025 | 10:06

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 6-dək davam edəcək.

Yurd.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 11, Balakəndə 10, Tovuz, Daşkəsən və Zaqatalada 9, Şahdağ, Göygöl və Şahbuzda 6, Şərurda 4, Cəfərxan, Yardımlı, Culfa, Gəncə və Ordubadda 3, Biləsuvar, Beyləqan, Sabirabad, Şəki, Ceyrançöl və Gədəbəydə 2, Naxçıvan, Naftalan, Qobustan, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Lerik, Cəlilabad, Lənkəran və Astarada 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yardımlı, Balakən, Mingəçevir və Şahdağda 20, Altıağac və Şahbuzda 18, Göygöl, Xınalıq və Gədəbəydə 16, Culfa və Şəkidə 15 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında 23, Naxçıvan MR-da 29, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

01 may 2025 | 10:38

Qeyri-sabit hava məhsuldarlığa necə təsir edir? - TƏHLÜKƏLƏR AÇIQLANDI

Son günlər Azərbaycanın bütün ərazisində anomal hava şəraiti hökm sürür, bölgələrdə aprelin sonuna xas olmayan güclü külək, qar və dolu müşahidə olunur. Bəs qeyri-sabit hava kənd təsərrüfatına necə təsir edəcək?

Kənd təsərrüfatı üzrə ekspert, aqro analitik Vahid Məhərrəmov Yurd.Media-ya açıqlamasında bildirib ki, havanın kəskin dəyişməsi bitkilərdə stress yaradır:

"Son günlər apardığımız müşahidələr göstərir ki, havalar kəskin dəyişib. Bir neçə gün əvvəl havanın temperaturu 26 dərəcədən 13 dərəcəyə düşüb. Əlbəttə ki, temperaturun belə kəskin dəyişməsi bitkilərdə stress yaradır və bu da bitkilərin ümumi inkişaf prosesinə mənfi təsir edir. Qeyd etmək lazımdır ki, havanın kəskin dəyişməsi zamanı bitkilər fərqli şəkildə stressə məruz qalırlar. Elə bitkilər var ki, onlar soyuğa dözümlüdürlər. Azərbaycanda isə əksəriyyət istisevən bitkilərdir.

İstisevən bitkilər havanın temperaturu 25 dərəcədən yüksək olduqda normal inkişaf edir. Hazırda Azərbaycanda temperatur nəinki 20, hətta 15 dərəcədən də aşağıdır. Əgər havanın temperaturunun belə aşağı olması qısa müddət davam edərsə və temperatur 25 dərəcədən yüksək olarsa, əlbəttə, inkişaf prosesi sürətlə gedəcək və bu zaman bitkiyə və meyvəsinə hər hansı təsir göstərməyəcək. Amma biz deyə bilmərik ki, hava şəraiti hansı müddətə normal olacaq.

Əgər may ayında keçən ildə olduğu kimi havalar soyuq olarsa və uzunmüddətli yağışlar yağarsa, bu, o bitkilərə təsir edəcək ki, onların meyvələrinin yetişmə dövrü həmin vaxta təsadüf edir. Əgər havalar normal keçərsə, heç bir təsiri olmayacaq və əvvəlki illərdə olduğu kimi məhsuldarlıq yenə də normal olacaq".

Ekspert qeyd edib ki, ölkənin bəzi rayonlarında hava şəraitinin təsiri fərqli ola bilər:

"Təbii ki, bəzi rayonlar var ki, orada təsir daha ciddidir, amma elə rayonlar da var ki, məsələn, Aran rayonlarında havalar normal olduğu üçün təsiri elə də ciddi olmayacaq. İndiki dövrdə əsasən meyvə istehsalı ilə məşğul olan rayonlarda, xüsusən Quba, Qusar və Aran bölgəsində meyvə ağaclarının mayalanma dövrü demək olar ki, başa çatıb. Ola bilsin ki, yüksək dağlıq ərazilərdə bəzi bitkilərdə hələ də bu proses davam edir. Amma düşünmürəm ki, havanın temperaturu orada da problem yaradacaq dərəcədə aşağı düşsün. Belə bir hal baş verməyəcək.

Ancaq ola bilsin, havanın soyuq olması uzun müddət davam edərsə və bitkiyə aqrotexniki qaydada qulluq edilməyibsə, bitkinin immun sistemi möhkəm deyilsə, o zaman həmin bitkilər meyvələrini tökə bilər. Belə halları biz əvvəllər də müşahidə etmişik. Bu isə ümumi məhsuldarlığa təsir edə və məhsuldarlığı aşağı sala bilər. Biz may ayının necə keçəcəyinə baxmalı və buna uyğun proqnozlar verməliyik ki, bizi qarşıda nə gözləyir".

Bəs, fermerlər üçün bu cür şəraitdə hansı tədbirləri görmək tövsiyə olunur?

Vahid Məhərrəmov qeyd edib ki, fermerlər ümumiyyətlə aqrotexniki qaydalara əməl etməlidirlər, yalnız təbiət hadisəsi baş verəndə yox, il ərzində ağaclara normal qulluq olunmalıdır:

"Ağacların formalaşdırılması və budama işləri vaxtında və keyfiyyətli aparılmalıdır. Yemləmə işləri də düzgün vaxtda həyata keçirilməli, hansı gübrənin nə vaxt verilməsi lazım olduğu bilinməlidir. Suvarma işləri də vaxtında icra olunmalıdır. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri vaxtında yerinə yetirilməlidir. Bitki torpaqda lazım olan mineral elementlərlə təmin olunmalıdır ki, stress amilinə məruz qalmadan immun sistemi möhkəm və dözümlü olsun. Belə olduğu halda soyuq hava bitkiyə bir o qədər təsir etmir və bitki daha dözümlü olur. Əgər fermerlərimiz aqrotexniki qaydalara əməl etsələr, düşünmürəm ki, bizi meyvə qıtlığı gözləsin. Əksinə, bolluq ola bilər".

Aqro analitik Vahid MəhərrəmovAqro analitik Vahid Məhərrəmov

Dövlət və bələdiyyələrin fermerlərə dəstəyinə toxunan ekspert bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sektoru dövlət dəstəyinə ciddi ehtiyac duyur:

"Dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələr var. Ümumiyyətlə, kənd təsərrüfatı ilə məşğul olan fermerlər və kəndlilər keyfiyyətli istehsal vasitələri əldə edə bilmirlər. Məsələn, gübrə ilə təminat bir mütəxəssis kimi məni qane etmir. Ona görə ki, xaricdən çox ucuz qiymətə keyfiyyəti aşağı olan gübrələr gətirilir və baha qiymətə fermerlərə təklif olunur. Bazarda monopolistlər var, rəqabət mühiti yoxdur. Azad sahibkarlıqla məşğul olan şəxslər keyfiyyətli və nisbətən əlçatan qiymətə gübrə gətirə bilmirlər.

Buna görə də bazarda üstünlük təşkil edən işbazlar keyfiyyətsiz gübrələri baha qiymətə satır və kəndlilər bu gübrələri istifadə etdikdən sonra nəticə ala bilmirlər. Son vaxtlar, ümumiyyətlə, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri də yaxşı nəticə vermir. Fermerlər şikayətlənirlər ki, əldə etdikləri pestisidlər keyfiyyətsizdir və zərərvericilərə təsir etmir. Bu məsələləri dövlət qaydasına salmalıdır. Bu sahədə monopolistlər bazardan çıxarılmalıdır. Dövlət yaxşı bilir ki, onlar kimlərdir. İmkan yaradılmalıdır ki, sahibkarlar birləşərək xaricdən keyfiyyətli preparatlar və pestisidlər gətirə bilsinlər və nəticə də yaxşı olsun".

Aqro analitik həmçinin suvarma suyu ilə təminatda problemlərin olduğunu vurğulayıb:

"Burada dövlətin üzərinə düşən digər bir ciddi məsələ su təminatıdır. Vaxtında suvarma mümkün olmadıqda məhsuldarlıq aşağı düşür. Suvarma suyu ilə təminat dövlətin vəzifəsidir. Məsələn, Almaniya kimi ölkələrdə fermer təsərrüfatları artıq elə qurulub ki, orada dövlət müdaxiləsinə ehtiyac demək olar ki, yoxdur, sistem düzgündür. Bizdə isə, vəziyyət fərqlidir. Dövlət kəndliləri davamlı olaraq suvarma suyu ilə təmin etməlidir ki, kəndlilər vaxtında suvarma işlərini görsünlər və nəticədə məhsuldarlıq və məhsulun keyfiyyəti artsın. Bu istiqamətdə dövlətin üzərinə ciddi vəzifələr düşür".

29 aprel 2025 | 14:48

Apreldəki qeyri-sabit hava mayda da davam edəcək

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

Yurd.Media xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

İqlim dəyişmələri keçid aylarda daha qabarıq müşahidə olunur

"Son illər iqlim dəyişmələri günümüzün ən aktual və həm də ən problemli sahələrindən biridir. Bu iqlim dəyişmələri özünü daha qabarıq şəkildə keçid dövrlərində, fəsillərdə göstərir. Bəli, aprel də bu zaman kəsiyinə düşdüyü üçün qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir. Ötən illərdə və bundan sonrakı illərdə də belə hallara rast gəlinir, gələcəkdə də baş verəcək",- R.İsmayılov vurğulayıb.

Keçid ayı olaraq apreldə hava dəyişkənliyi təbiidir

O bildirib ki, aprel keçid xarakterli ay olduğundan belə hadisələr baş verir. Əsas səbəb havanın qızması, soyuq hava kütlələrinin şimaldan Azərbaycana daxil olması ilə orta troposferdə (3,5-5 km) baş verən sinoptik proseslərin nəticəsidir:

May ayında da oxşar hava şəraiti mümkündür

"Mayda da belə şəraitin davam etməsi ehtimalı olur, hər halda belə hallar mümkündür. İqlimdə belə halların dəqiq proqnozunun verməsi çox çətindir. Statistik məlumatlara istinad etsək, baş verməsini söyləyə bilərik.

Azərbaycanda sel və daşqın üçün riskli ərazilər

Sel, daşqın Azərbaycanda Böyük Qafqazın Cənub yamacı, Şəki-Zaqatala, Naxçıvan əraziləri üçün daha təhlükəli sel rayonlarıdır. Baxmayaraq ki, Lənkəran zonasında yağıntılı günlərin sayı çoxdur, lakin intensivlik az olduğu üçün sel hadisələri daşqın xarakterli olur".