Son günlər Azərbaycanın bütün ərazisində anomal hava şəraiti hökm sürür, bölgələrdə aprelin sonuna xas olmayan güclü külək, qar və dolu müşahidə olunur. Bəs qeyri-sabit hava kənd təsərrüfatına necə təsir edəcək?
Kənd təsərrüfatı üzrə ekspert, aqro analitik Vahid Məhərrəmov Yurd.Media-ya açıqlamasında bildirib ki, havanın kəskin dəyişməsi bitkilərdə stress yaradır:
"Son günlər apardığımız müşahidələr göstərir ki, havalar kəskin dəyişib. Bir neçə gün əvvəl havanın temperaturu 26 dərəcədən 13 dərəcəyə düşüb. Əlbəttə ki, temperaturun belə kəskin dəyişməsi bitkilərdə stress yaradır və bu da bitkilərin ümumi inkişaf prosesinə mənfi təsir edir. Qeyd etmək lazımdır ki, havanın kəskin dəyişməsi zamanı bitkilər fərqli şəkildə stressə məruz qalırlar. Elə bitkilər var ki, onlar soyuğa dözümlüdürlər. Azərbaycanda isə əksəriyyət istisevən bitkilərdir.
İstisevən bitkilər havanın temperaturu 25 dərəcədən yüksək olduqda normal inkişaf edir. Hazırda Azərbaycanda temperatur nəinki 20, hətta 15 dərəcədən də aşağıdır. Əgər havanın temperaturunun belə aşağı olması qısa müddət davam edərsə və temperatur 25 dərəcədən yüksək olarsa, əlbəttə, inkişaf prosesi sürətlə gedəcək və bu zaman bitkiyə və meyvəsinə hər hansı təsir göstərməyəcək. Amma biz deyə bilmərik ki, hava şəraiti hansı müddətə normal olacaq.
Əgər may ayında keçən ildə olduğu kimi havalar soyuq olarsa və uzunmüddətli yağışlar yağarsa, bu, o bitkilərə təsir edəcək ki, onların meyvələrinin yetişmə dövrü həmin vaxta təsadüf edir. Əgər havalar normal keçərsə, heç bir təsiri olmayacaq və əvvəlki illərdə olduğu kimi məhsuldarlıq yenə də normal olacaq".
Ekspert qeyd edib ki, ölkənin bəzi rayonlarında hava şəraitinin təsiri fərqli ola bilər:
"Təbii ki, bəzi rayonlar var ki, orada təsir daha ciddidir, amma elə rayonlar da var ki, məsələn, Aran rayonlarında havalar normal olduğu üçün təsiri elə də ciddi olmayacaq. İndiki dövrdə əsasən meyvə istehsalı ilə məşğul olan rayonlarda, xüsusən Quba, Qusar və Aran bölgəsində meyvə ağaclarının mayalanma dövrü demək olar ki, başa çatıb. Ola bilsin ki, yüksək dağlıq ərazilərdə bəzi bitkilərdə hələ də bu proses davam edir. Amma düşünmürəm ki, havanın temperaturu orada da problem yaradacaq dərəcədə aşağı düşsün. Belə bir hal baş verməyəcək.
Ancaq ola bilsin, havanın soyuq olması uzun müddət davam edərsə və bitkiyə aqrotexniki qaydada qulluq edilməyibsə, bitkinin immun sistemi möhkəm deyilsə, o zaman həmin bitkilər meyvələrini tökə bilər. Belə halları biz əvvəllər də müşahidə etmişik. Bu isə ümumi məhsuldarlığa təsir edə və məhsuldarlığı aşağı sala bilər. Biz may ayının necə keçəcəyinə baxmalı və buna uyğun proqnozlar verməliyik ki, bizi qarşıda nə gözləyir".
Bəs, fermerlər üçün bu cür şəraitdə hansı tədbirləri görmək tövsiyə olunur?
Vahid Məhərrəmov qeyd edib ki, fermerlər ümumiyyətlə aqrotexniki qaydalara əməl etməlidirlər, yalnız təbiət hadisəsi baş verəndə yox, il ərzində ağaclara normal qulluq olunmalıdır:
"Ağacların formalaşdırılması və budama işləri vaxtında və keyfiyyətli aparılmalıdır. Yemləmə işləri də düzgün vaxtda həyata keçirilməli, hansı gübrənin nə vaxt verilməsi lazım olduğu bilinməlidir. Suvarma işləri də vaxtında icra olunmalıdır. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri vaxtında yerinə yetirilməlidir. Bitki torpaqda lazım olan mineral elementlərlə təmin olunmalıdır ki, stress amilinə məruz qalmadan immun sistemi möhkəm və dözümlü olsun. Belə olduğu halda soyuq hava bitkiyə bir o qədər təsir etmir və bitki daha dözümlü olur. Əgər fermerlərimiz aqrotexniki qaydalara əməl etsələr, düşünmürəm ki, bizi meyvə qıtlığı gözləsin. Əksinə, bolluq ola bilər".
Dövlət və bələdiyyələrin fermerlərə dəstəyinə toxunan ekspert bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sektoru dövlət dəstəyinə ciddi ehtiyac duyur:
"Dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələr var. Ümumiyyətlə, kənd təsərrüfatı ilə məşğul olan fermerlər və kəndlilər keyfiyyətli istehsal vasitələri əldə edə bilmirlər. Məsələn, gübrə ilə təminat bir mütəxəssis kimi məni qane etmir. Ona görə ki, xaricdən çox ucuz qiymətə keyfiyyəti aşağı olan gübrələr gətirilir və baha qiymətə fermerlərə təklif olunur. Bazarda monopolistlər var, rəqabət mühiti yoxdur. Azad sahibkarlıqla məşğul olan şəxslər keyfiyyətli və nisbətən əlçatan qiymətə gübrə gətirə bilmirlər.
Buna görə də bazarda üstünlük təşkil edən işbazlar keyfiyyətsiz gübrələri baha qiymətə satır və kəndlilər bu gübrələri istifadə etdikdən sonra nəticə ala bilmirlər. Son vaxtlar, ümumiyyətlə, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri də yaxşı nəticə vermir. Fermerlər şikayətlənirlər ki, əldə etdikləri pestisidlər keyfiyyətsizdir və zərərvericilərə təsir etmir. Bu məsələləri dövlət qaydasına salmalıdır. Bu sahədə monopolistlər bazardan çıxarılmalıdır. Dövlət yaxşı bilir ki, onlar kimlərdir. İmkan yaradılmalıdır ki, sahibkarlar birləşərək xaricdən keyfiyyətli preparatlar və pestisidlər gətirə bilsinlər və nəticə də yaxşı olsun".
Aqro analitik həmçinin suvarma suyu ilə təminatda problemlərin olduğunu vurğulayıb:
"Burada dövlətin üzərinə düşən digər bir ciddi məsələ su təminatıdır. Vaxtında suvarma mümkün olmadıqda məhsuldarlıq aşağı düşür. Suvarma suyu ilə təminat dövlətin vəzifəsidir. Məsələn, Almaniya kimi ölkələrdə fermer təsərrüfatları artıq elə qurulub ki, orada dövlət müdaxiləsinə ehtiyac demək olar ki, yoxdur, sistem düzgündür. Bizdə isə, vəziyyət fərqlidir. Dövlət kəndliləri davamlı olaraq suvarma suyu ilə təmin etməlidir ki, kəndlilər vaxtında suvarma işlərini görsünlər və nəticədə məhsuldarlıq və məhsulun keyfiyyəti artsın. Bu istiqamətdə dövlətin üzərinə ciddi vəzifələr düşür".