Azad olunmuş ərazilərdə əhaliyə nə qədər əkin torpağı veriləcək? – Deputat açıqladı

Azad olunmuş ərazilərdə əhaliyə nə qədər əkin torpağı veriləcək? – Deputat açıqladı

İşğaldan azad olunmuş ərazilərdə artıq minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil olub, həmin sahələrdə taxıl və bostan məhsulları yetişdirilir. 600 min hektar torpaq sahəsinin də əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur.

Bunu Yurd.Media-ya açıqlamasında deputat, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, əhalinin məşğulluğunun təmin olunması baxımından aqrar sektorun inkişafı olduqca vacibdir:

“İşğaldan azad olunmuş bütün ərazilərdə möhtəşəm tikinti, quruculuq, abadlıq işləri həyata keçirilir, bu da gələcəkdə ora köçürüləcək insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Hazırda yüz minlərlə hektar torpaq artıq insanların istifadəsinə verilir. Gələcəkdə də mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır”.

T.Rzayev vurğulayıb ki, həmin ərazilərdə torpaq islahatı həyata keçiriləcək, iri fermer təsərrüfatlarının yaradılması sürətlənəcək:

“Bunun üçün lazımi infrastruktur layihələri gerçəkləşdirilməli, hər bir ərazinin təbii şəraitinə uyğun məhsullar yetişdirilməlidir. Tarixən bu torpaqlarda pambıq, taxıl, üzüm və digər məhsullar becərilib. Dağlıq ərazilər isə heyvandarlığın inkişafı üçün olduqca əlverişlidir”.

Deputat həmçinin vurğulayıb ki, görülən işlərdə təhlükəsizlik əsas məsələdir – minalardan təmizlənmiş torpaqlara üstünlük verilməli, yalnız bundan sonra həmin sahələr əhaliyə istifadəyə verilməlidir:

“Bu, həm məşğulluğa, həm də kənd təsərrüfatı məhsullarının ümumi istehsalına müsbət təsir göstərəcək”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir RzayevMilli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev