Azərbaycanın aqrar sektorunda güclü dəstək və dayanıqlı inkişaf prioritetdir

Azərbaycanın aqrar sektorunda güclü dəstək və dayanıqlı inkişaf prioritetdir

Azərbaycanda kənd təsərrüfatının strateji sektor kimi inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. İqtisadiyyatın şaxələndirilməsi və regionların inkişafı çərçivəsində aqrar sahəyə göstərilən diqqət öz real nəticələrini verir.

Yurd. Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişaf Forumunda bildirib.

Nazir deyib ki, dövlət olaraq kənd təsərrüfatında fəaliyyət göstərən bütün subyektlər – kiçik ailə təsərrüfatlarından iri aqroparklaradək dəstəklənir. Bu dəstəyin əsas komponentləri arasında subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər yer alır.

Subsidiyalar sistemi gücləndirilir

Məcnun Məmmədov vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən subsidiya siyasəti çərçivəsində fermerlərə göstərilən dəstək davamlı və sistemli şəkildə icra olunur. 2023-cü ildə 387,340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiya ödənilib.

Texnika və Damazlıq Heyvan Dəstəyi Artırılırmasına diqqət çəkən nazir deyib ki, fermerlərin texnika və damazlıq heyvanlarla təminatı da diqqət mərkəzində saxlanılır. Belə ki, 2023-cü ildə 6,477 texnika üçün 83,9 milyon manat, 2024-cü ildə isə 9,107 texnika üçün 80,8 milyon manat güzəşt ayrılıb. Bu il 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub.

"Bu il 4-cü Aqrobiznesin İnkişafı Forumu “Harmoniyaya gedən yol” mövzusunda keçirilir. Bu mövzu iqtisadi inkişafla ətraf mühitin qorunması arasında tarazlığın yaradılmasına, dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsinə və qərarların iştirakçılıq əsasında formalaşmasına xidmət edir.

Forum çərçivəsində yaşıl maliyyələşmə, aqro-maliyyələşmə həlləri, rəqəmsallaşma və dayanıqlılıq mexanizmləri kimi mövzular müzakirə ediləcək. Bu istiqamətlər ölkənin aqrar siyasətinin gələcək yol xəritəsini müəyyən edəcək".

Nazir, yaxın günlərdə keçiriləcək 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgilərinin əhəmiyyətinə toxunaraq, fermerləri, sahibkarları və investorları bu sərgilərdə fəal iştirak etməyə çağırıb: "Sərgi iştirakçıları üçün müasir innovasiyalarla tanış olmaq və yeni biznes əlaqələri qurmaq üçün geniş imkanlar yaradılacaq".

Nazir çıxışının sonunda bir daha vurğulayıb ki, aqrar sektorda əldə olunan uğurlar Prezident İlham Əliyevin göstərdiyi siyasi iradə, islahatlar və sahəyə ayrılmış diqqətin nəticəsidir: "Lakin bu yolun davamı üçün fermerlərimizin, sahibkarlarımızın və bütün sektor iştirakçılarının birgə əməkdaşlığı və təşəbbüskarlığı çox əhəmiyyətlidir".