Ölkə ərazisində qeyri-sabit hava şəraiti bəzi kənd təsərrüfatı əkinlərinə mənfi təsir göstərir. Bu məsələ işğaldan azad olunmuş ərazilərə köçərək yeni əkinə başlayan əhalini daha çox düşündürür.
Milli Məclisin deputatı, parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ ilə bağlı Yurd.Media-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir:
“Azad olunmuş ərazilər əsasən dağlıq və çətin relyefə malikdir. Orada vaxtaşırı leysan yağışları və dolu müşahidə olunur. Təbii fəlakətlərin qarşısını almaq çətin olsa da, dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir”.
Komitə sədri qeyd edib ki, təsərrüfat sahibləri aqrar sığortaya qoşularsa, dövlət tərəfindən dəymiş ziyana görə kompensasiya ödəniləcək:
“Bu, artıq tətbiq olunur. Son illərdə əvvəl 14 bitki üzrə sığorta olunurdusa, bu gün artıq daha çox bitki növləri sığortaya cəlb edilib. Aqrar Sığorta Fondu tərəfindən bir çox bölgələrdə təbii fəlakətlərin yaratdığı fəsadlara görə zərərçəkənlərə vəsaitlər ödənilir. Selin, dolunun qarşısını tam almaq mümkün olmasa da, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir və əlavə mexanizmlər də nəzərdə tutulur”.
Deputat həmçinin vurğulayıb ki, torpaqların aqrotexniki qaydada becərilməsi, zooveterinar xidmətlərin təşkili, ziyanvericilərə qarşı mübarizə tədbirləri və dərmanlama işləri də aparılmalıdır:
“Bütün bu addımlar, ilk növbədə, əhalinin mənafeyinə xidmət edir”.