Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da enerji içkiləri geniş yayılıb. Təbii ki, bu içkilərdən istifadə edənlər onların sağlamlığa vurduğu zərəri çox vaxt nəzərə almırlar. Son dövrdə məktəblərin yaxınlığındakı mağazalarda bu içkilərin satışı ilə əlaqədar 18 yaşına çatmayanlar üçün müəyyən məhdudiyyətlər qoyulub. Lakin bu qaydalara nə dərəcədə riayət olunur?
Qeyd etmək lazımdır ki, enerji içkilərini uşaqların da həvəslə qəbul etdiyini nəzərə alaraq, bəzi valideynlər övladlarının arzusunu yerinə yetirmək üçün onlara bu içkiləri alırlar. Son vaxtlar enerji içkilərinin zərərindən danışan çoxsaylı məlumatlar yayılsa da, hələ də xeyli insan gündəlik həyatında bu içkilərdən istifadə etməkdə davam edir. Təəssüf ki, onların arasında uşaqlar da az deyil.
1980-ci illərin əvvəllərində Avstriya vətəndaşı Ditrix Mateşiç illər sonra sənaye məqsədilə istifadəyə yönəldəcəyi içkini enerji içkisi olaraq kəşf edib və istehsalına başlayıb. Hal-hazırda isə Red Bull enerji içkiləri bazarının təxminən 70 faizini əhatə edir.
Yurd.Media xəbər verir ki, mütəxəssislərin fikrincə enerji içkilərinin sağlamlığa olan zərərləri, istehlakının məhdudlaşdırılması və bu sahədə tənzimləmənin əhəmiyyəti vacib müzakirə mövzularından biridir. Xüsusilə də məktəb yaşlı uşaqların bu içkilərdən istifadə etməsi məsələni daha da aktuallaşdırır.
Onlar qeyd edir ki, bu içkilərin zərəri başlıca olaraq tərkibindəki kofeinlə əlaqələndirilir və ümumiyyətlə sağlamlığa mənfi təsir göstərməsi qəbul edilir. Bu səbəbdən bir sıra ölkələrdə bu məhsulların istehsalı qanun və ya qaydalarla tənzimlənir. Həmin tənzimləmə eyni zamanda enerji içkilərinin reklamını və satışını da əhatə edir.
2004-cü ildə Avropa İttifaqında qəbul edilmiş tələblərə əsasən, 1 litrində 150 mq və daha çox kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir. 2014-cü ildən etibarən bu qayda daha da sərtləşdirilib və müəyyən edilib ki, 100 ml-də 1 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində "Yüksək kofein tərkiblidir. Uşaqlar, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur" yazısı qeyd olunmalıdır.
"Lakin məhdudiyyətlər bununla bitmir. Yüksək həcmdə kofein istehlakından yaranan problemlər enerji içkilərinin müəyyən şərtlər daxilində Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada qadağan olunmasına gətirib çıxarıb. İsveçdə də enerji içkilərinin satışında məhdudiyyətlər tətbiq edilir və ümumiyyətlə, həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilib. 2012-ci ildən Macarıstanda tərkibində yüksək kofein olan enerji içkilərinə 'ictimai səhiyyə vergisi' ('public health tax') tətbiq olunur".
Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində enerji içkilərinin reklamı, yayılması və satışına qarşı aşağıdakı tədbirlərin görülməsi tövsiyə olunur:
1. Enerji içkilərinin tərkibindəki kofeinin icazə verilən maksimum həddi müəyyənləşdirilsin;
2. Enerji içkilərinin tərkibindəki kofeinin uşaqların və yeniyetmələrin inkişafına mənfi təsirləri nəzərə alınaraq, bu içkilərin uşaqlara satışı məhdudlaşdırılsın;
3. Ailələr enerji içkilərinin zərərləri haqqında məlumatlandırılsın;
4. Enerji içkilərinin yaratdığı fəsadlar və zərərlər barədə geniş maarifləndirmə tədbirləri həyata keçirilsin.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.