Son dövrdə enerji içkilərinin gənc nəsil arasında istehlakı sürətlə yüksəlməkdədir. Reklam çarxlarında "yorğunluğu dəf etmək" və "əlavə enerji təmin etmək" kimi təbliğ olunan bu məhsulların əslində orqanizmə göstərdiyi təsirlər düşünüldüyü qədər sadə deyil.
Yurd.Media xəbər verir ki, sahə mütəxəssisləri qeyd edir ki, enerji içkiləri 18 yaşına çatmamış şəxslər üçün xüsusi olaraq risk yaradır. Uşaqların və yeniyetmələrin sinir sistemi hələ tam inkişafını başa çatdırmadığından, kafein və digər stimullaşdırıcı maddələrin onlara təsiri daha kəskin olur. Nəticədə ürək döyüntülərinin sürətlənməsi, arterial təzyiqin yüksəlməsi, əsəbi gərginlik və yuxu problemləri meydana gələ bilər.
Enerji içkilərinin orqanizmə göstərdiyi təsir cinsiyyətə görə də fərqli xarakter daşıyır.
Qızlarda hormonal tarazlığın pozulmasına yol açaraq dəri problemlərinə və yuxusuzluğa gətirib çıxara bilər.
Oğlanlarda isə qısamüddətli fiziki güc artımı hiss olunsa da, ürəyə əlavə yük binir, yüksək qan təzyiqi və əsəbilik təhlükəsi artır.
Bu içkilərin hər hansı faydalı cəhəti varmı?
Enerji içkilərinin başlıca "üstünlüyü" qısamüddətli konsentrasiya və enerji artımından ibarətdir. Ancaq bu effekt bitdikdən sonra yorğunluq hissi əvvəlkindən daha çox güclənir. Uzunmüddətli perspektivdə isə bu məhsulların sağlamlıq baxımından heç bir müsbət tərəfi mövcud deyil.
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.