Psixiatr, mütəxəssis Dr. Dərya Özkan enerji içkilərinin həddən artıq qəbulunun sinir sisteminə və psixi sağlamlığa zərərli təsir göstərdiyini açıqlayıb.
Yurd.Media xəbər verir ki, həkim yüksək dozada kofeinin əsəbilik, narahatlıq hissi, yuxusuzluq, titrəmə, ürək döyüntüsünün artması və taxikardiya kimi narahatedici problemlərə yol aça biləcəyini vurğulayıb.
Mütəxəssisin bildirdiyinə əsasən, enerji içkilərinin formulasında kofein, taurin, B qrupu vitaminləri, inositol, quarana və karnitin kimi komponentlər mövcuddur:
"Xüsusilə quarana yüksək konsentrasiyada kofein daşıdığına görə bu içkilərin istehsalında geniş şəkildə tətbiq olunur. Türkiyədə enerji içkiləri üçün hər litrə 150 milliqrama qədər kofein norması müəyyən edilib, ancaq bir neçə içki qəbul edildikdə bu hədd rahatlıqla keçilir.
Tədqiqatlar müntəzəm kofein istifadəsinin stress, həyəcan və depressiv vəziyyətlərlə bağlılığını ortaya qoyur. Həddindən artıq enerji içkisi qəbulu epilepsiyadan əziyyət çəkən xəstələrdə qıcolma tutmalarını gücləndirir, eyni zamanda beyin damar patologiyalarına zəmin yarada bilər.
Bundan başqa, yüksək həcmdə kofein qəbulunun bipolyar pozğunluqdan əziyyət çəkən xəstələrdə simptomların yenidən alovlanmasına və intihar təhlükəsinin yüksəlməsinə gətirib çıxara biləcəyi bildirilir.
Şizofreniya diaqnozu olan xəstələrdə isə enerji içkiləri psixotik simptomları daha da kəskinləşdirə bilər. Bu baxımdan, xüsusilə psixiatrik xəstəliklərdən əziyyət çəkən insanların enerji içkilərinin istifadəsindən çəkinməsi məsləhət görülür".
Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” və “Pit bull”, “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.